İlin son yarışında 99 gimnast mübarizə aparacaq

Xəbərlər
9 Dekabr 2023 11:41
235
İlin son yarışında 99 gimnast mübarizə aparacaq

Dekabrın 10-da batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu ölkə çempionatı və paytaxt birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, bu, Azərbaycan Gimnastika Federasiyasının təşkil edəcəyi ilin son milli yarışları olacaq.

Milli Gimnastika Arenasının köməkçi zalında baş tutacaq yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.

Tamblinq üzrə yarışda idmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.

Batut üzrə yarışda fərdi çoxnövçülükdə balacalar (2016-cı il təvəllüdlülər), uşaqlar (2013-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2007-2010-cu il təvəllüdlülər), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Bu növ üzrə yarış iştirakçıları uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Yarışa giriş sərbəstdir.

İdman.biz