Dünya kuboku, yeni elementlər və Los-Anceles hədəfi: Gimnast Nikita Simonovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
9 Oktyabr 2025 17:26
50
Dünya kuboku, yeni elementlər və Los-Anceles hədəfi: Gimnast Nikita Simonovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

19-25 oktyabr tarixlərində İndoneziyanın paytaxtı Cakartada bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Cari mövsüm bu idman növündə Azərbaycan yığmasının lideri Nikita Simonov uğurlu çıxışla yadda qalıb. İdmançımız Dünya Kubokunun ümumi reytinq üzrə qalibi olub və ilin əsas yarışında medallar seriyasını davam etdirmək niyyətindədir.

N.Simonov İdman.Biz-ə müsahibəsində dünya çempionatına hazırlığı, öz adına olan element və halqalar üzərində çıxışın “sehrindən” danışıb.

- Mövsümün ilk yarısı Dünya Kubokunda uğurlarınızla yadda qaldı. Hər mərhələdə fəxri kürsəyə qalxdınız. Bu nəticə yeni Olimpiya dövrü ərəfəsində sizin üçün nə qədər önəmlidir?

- Dünya Kuboklarının ümumi qalibi olmaq bu ilin əsas məqsədlərimdən biri idi. Çünki yeni Olimpiya tsikli üçün bu, çox vacib nəticə sayılır. Əgər kvota qaydaları əvvəlki kimi qalsa, bu, 2028-ci il Yay Olimpiya Oyunlarına iddialı olduğumun da göstəricisidir. Həm də bu, hakimlərə bir siqnaldır - məni Los-Ancelesdəki Olimpiya Oyunların mümkün mükafatçısı kimi dəyərləndirsinlər.

- Gimnastlar adətən hər mövsüm yeni proqram hazırlayır və onu turnirdən turnirə təkmilləşdirirlər. Dünya Kuboku mərhələlərindən sonra proqramınızda dəyişikliklər oldumu?

- Olimpiya tsiklindən sonra qaydalar dəyişdiyi üçün hər bir gimnast proqramını uyğunlaşdırır. Mən də bu mövsüm yeni proqram üzərində çalışdım və onu Dünya Kuboklarında nümayiş etdirdim. Artıq sınaqdan keçib, lakin dünya çempionatı ərəfəsində bir yeni güc elementi əlavə etmişik. Onu Cakartada ilk dəfə göstərəcəyəm.

- Hazırlıq prosesi necə gedir?

- Hər şey plana uyğun irəliləyir. Avropa çempionatından sonra dirsək zədəsi almışdım - bu, sıx qrafik və yüklənmə nəticəsində idi. Amma həkim komandamız sayəsində indi özümü çox yaxşı hiss edirəm. Sentyabrda Parisdə keçirilən Dünya Kuboku mərhələsində çıxış etdim və əminliklə deyə bilərəm ki, dünya çempionatına tam hazır vəziyyətdəyəm.

- Avropa çempionatının medalçısısınız, amma hələ dünya çempionatından medalınız yoxdur. Bu sizə əlavə motivasiya verirmi?

- Əlbəttə, Avropa çempionatındakı ilk medalım mənim üçün çox dəyərlidir. 2024-cü ildə Riminidə (İtaliya -red.) keçirilən yarışında rəqabət çox güclü idi - hamı Olimpiadaya hazırlaşırdı. Orada sübut etdim ki, ən güclü olimpiya və dünya çempionları ilə birgə fəxri kürsüyə qalxmağa layiqəm. İndi isə, təbii ki, dünya çempionatında da ilk medalımı qazanmağı çox istərdim.

-2023-cü ildən etibarən idman gimnastikasında “Simonov elementi” var. Onu tez-tez icra edirsinizmi? Yeni elementlər üzərində də işləyirsiniz?

- Gimnastika tarixinə adımı yazdırdığım üçün çox qürurluyam. “Simonov elementi” kifayət qədər çətindir və F qrupuna daxildir. Ən çətin güc elementləri G qrupuna aiddir, yəni mənim elementim yüksək qiymətləndirilir. Hələlik heç bir gimnastın onu yarışlarda göstərdiyini görməmişəm. Bəzi idmançılar məşqdə cəhd ediblər, amma hamısına alınmayıb. Görünür, texniki baxımdan çətin və hakimlər üçün də qiymətləndirməsi mürəkkəb elementdir. Yeni element üzərində fikirlərim və planlarım var, amma hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Ümid edirəm, növbəti mövsümlərdə “Simonov-2” elementini təqdim edə biləcəyəm.

- Siz halqalar üzrə ixtisaslaşmısınız. Nə üçün məhz bu alət sizi cəlb edir?

- Əvvəllər çoxnövçü idim, bütün alətlərdə çıxış edirdim ki, idman ustalığı normasını yerinə yetirim. Amma halqalar üzrə nəticələrim həmişə yüksək olurdu, proqramım təmiz alınırdı və özümə məxsus üslub formalaşmışdı. Zamanla qərar verdim ki, tam gücümü yalnız bu alətə yönəldim. Halqalar mənim üçün sadəcə idman aləti deyil, sevdiyim bir sahədir. Çünki gimnast öz alətini sevməlidir. Halqalar tam bədən idarəsini tələb edir - hər bir əzələni doğru anda işə salmaq, sıfır nöqtədən hərəkət etmək, inersiyasız, yəni cazibəsiz vəziyyətdə performans göstərmək lazımdır. Bu, həm çətin, həm də çox maraqlıdır. Elə bu səbəbdən halqaları sevirəm.

- Uzunmüddətli planlarınız nələrdir? Los-Anceles Olimpiadasına vəsiqə üçün hansı yolu seçmək fikrindəsiniz?

- Əgər Parisdəki kimi seçmə formatı qalarsa, planımız artıq hazırdır. Olimpiya mövsümündən əvvəl Dünya Kuboklarında hər mərhələdə səhvsiz çıxış edib ümumi xal üzrə kvota qazanmaq mümkündür. Digər yol isə 2027-ci ildə keçiriləcək dünya çempionatında birbaşa kvota əldə etməkdir. Təbii ki, ikinci variant daha asandır – bir dəfə maksimum nəticə göstərmək kifayətdir. Birinci halda isə azı dörd mərhələdə podiuma qalxmaq lazımdır. Yeniliklər olsa, biz buna da hazırıq.

Zəki Feyzullayev

İdman.Biz