Çempionlar Liqası: “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib

Xəbərlər
3 İyul 2025 16:35
58
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimdə “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya) və “Sparta” (Şimali İrlandiya) komandalarına rəqib olub. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.

İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq. Onlar B yolundakı qruplara səpələnəcək. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlə mübarizəni davam etdirmək hüququ qazanacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.

Qeyd edək ki, cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə dəqiqləşəcək. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.

İdman.biz