Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında Portuqaliyanın “Benfika” klubuna məğlubiyyətlər “Araz-Naxçıvan” üçün dərs olub.
Bunu Naxçıvan təmsilçisinin baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis “Benfika”nın səviyyəsini xüsusi vurğulayıb.
“Püşkdə bəxtimiz gətirmədi. Avropada ilk “üçlük”də yer alan komandaya rəqib olduq. Bakıdakı oyunda, bilirsiniz ki, itkilərimiz çox idi. Ona görə də acı məğlubiyyət yaşadıq. Səfərdə isə “Benfika”ya qarşı əsas heyətlə oynadıq və güclü olduğumuzu, heç də rəqibdən geri qalmadığımızı sübut etdik. Yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilsəydik, heç-heçə olardı, hətta rəqibi üstələyə də bilərdik”, - deyə o, “Report”a açıqlamasında deyib.
Baş məşqçi növbəti ildə daha yaxşı nəticə göstərməyə çalışacaqlarını söyləyib:
“Düşünürəm ki, bu, bizim üçün bir dərs, həmçinin öz gücümüzə, potensialımıza əyani baxış oldu. Növbəti il UEFA Çempionlar Liqasına daha yaxşı hazırlaşıb, uzun məsafə qət etməyə çalışacağıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” 1/8 finalda “Benfika”ya iki oyunun (0:9, 2:4) nəticəsinə görə məğlub olaraq mübarizəni dayandırıb.
