“Bakıdakı sürətli traslar üçün çox nikbinəm".
İdman.biz “Motorsport”a istinadən xəbər verir ki, bunu Formula 1 üzrə mübarizə aparan “Red Bull” komandasının məsləhətçisi Helmut Marko Bakıda keçiriləcək Azərbaycan Qran-prisi ilə bağlı açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Maks Ferstappenin son İtaliya Qran-prisindəki qələbəsindən sonra komandanın digər yarışlarda da güclü rəqabət aparacağını bildirib.
Marko xüsusilə sürətli traslarda nikbin olduğunu vurğulayıb: “Bakıdakı sürətli traslar üçün çox nikbinəm. Sinqapur yarışını indiyədək qazana bilməmişik, çünki sürəti az olan traslar bir qədər çətinlik yaradır. Amma inanıram ki, hazırkı dövrdə hər şey mümkündür. Tempi qoruyub saxlaya bilsək, əksər traslarda rəqabət aparmaq şansımız var.”
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il sentyabrın 19-21-i tarixlərində keçiriləcək.
İdman.biz