Azərbaycan Qran-prisində könüllü proqramının müsahibə mərhələsi başa çatıb - FOTO

Xəbərlər
21 İyul 2025 16:25
52
Azərbaycan Qran-prisində könüllü proqramının müsahibə mərhələsi başa çatıb - FOTO

Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi-2025 üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, ilk gündən etibarən böyük maraqla qarşılanan proqramın müsahibə mərhələsi artıq başa çatıb.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub. Onlardan təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib. 8 həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.

Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək. Seçim nəticələri barədə məlumat əldə etmək üçün iştirakçılara şəxsi hesablarına daxil olmaları tövsiyə olunur.

Azərbaycan Qran-prisi təkcə yarış deyil, eyni zamanda, minlərlə gəncə beynəlxalq səviyyəli tədbirin bir parçası olmaq imkanı təqdim edən mühüm sosial layihədir. Könüllü proqramı bu böyük tədbirin ayrılmaz hissəsi kimi, iştirakçılara yeni bacarıqlar qazanmaq və peşəkar inkişaf fürsəti yaradır.

İdman.biz