Anyma Bakıda Azərbaycan Qran-prisində

Xəbərlər
19 May 2025 16:40
56
Anyma Bakıda Azərbaycan Qran-prisində

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq.

Bakı Şəhər Halqasından İdman.biz-ə verilən məlumata görə, Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi-2025 – yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilər ilə yadda qalacaq.

Bu, sadəcə konsert deyil – reallıqla fantaziyanın sərhədlərini yox edəcək audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir – o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya aparır. Onun çıxışı, sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

Qran-pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir. Anymanın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi və elektron musiqinin hipnozedici təsiri birləşərək epik bir təcrübəyə çevriləcək.

Formula 1 Qatar Airways Azərbaycan Qran-prisinə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər.

İdman.biz