“Formula-1”in “Uilyams” komandası FW23 bolidinin yoxa çıxması ilə əlaqədar London Ali Məhkəməsinə müraciət edib.
İdman.Biz “The Independent”ə istinadən xəbər verir ki, iddia Böyük Britaniyanın “Autotech Performance Ltd” şirkətinin keçmiş direktoru və səhmdarı Piter Torpa qarşı qaldırılıb.
2015-ci ildə “Uilyams” əvvəllər Ralf Şumaxer və Xuan Pablo Montoyanın çıxış etdiyi FW23 bolidini həmin şirkətə təhvil verib. Avtomobil Telforddakı avtoservisdə eksponat kimi istifadə olunmalı idi.
2021-ci ildə komandanın nümayəndələri bolidin qaytarılmasını tələb etsələr də, cavab almayıblar. Sonradan “Autotech Performance Ltd” şirkətinin fəaliyyətinə xitam verilib və o, ləğv edilib.
Hazırda “Uilyams” bolidin qaytarılmasını və ya 1 milyon funt-sterlinqdən çox kompensasiya ödənilməsini tələb edir. Komandanın hüquqşünasları iddia edirlər ki, Torp ləğvetmə üzrə məsul şəxslərə bolidin şəxsən ona məxsus olduğunu qanunsuz şəkildə bildirib və daha sonra onun çıxarılmasını təşkil edib.
Torp isə bu iddiaları rədd edir. O, bolidin hazırda harada olduğunu bilmədiyini bildirir və 2018-ci ildə keçirdiyi insultdan sonra yaddaş problemləri yaşadığını deyir.
Bundan başqa, cavabdeh tərəf bolidin 750 min funt-sterlinq dəyərində qiymətləndirilməsi ilə razılaşmır. Onlar söhbətin mühərriki olmayan sərgi nümunəsindən getdiyini bildirirlər.
İddia artıq London Ali Məhkəməsinə təqdim olunub, lakin iş üzrə tam məhkəmə prosesi hələ başlamayıb.
