“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci yeri tutan “Campos Racing” komandasının pilotu Nikola Tsolov yarışın gedişatını və komandanın çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, bolqarıstanlı pilot mətbuat konfransında mövsüm ərzində qarşılaşdıqları çətinliklərə baxmayaraq, mübarizəni davam etdirdiklərini bildirib.
“Mövsüm ərzində bir çox çətin anlarımız oldu, amma heç vaxt təslim olmadıq. Hər mərhələdə, xüsusən də bu həftəsonu bolidimizi təkmilləşdirmək üçün böyük əmək sərf etdik. Əldə etdiyimiz bu nəticə və komandamızın göstərdiyi iradə ilə fəxr edirəm.
İlk hissədə kifayət qədər sürətli idik. Komanda radiodan mənə virtual olaraq ilk beşlikdə olduğumu deyəndə çox sevindim. Sona qədər mübarizə apararaq fəxri kürsüyə qalxmağı bacardıq”.
Qeyd edək ki, Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışında “Invicta Racing” komandasının pilotu Rafael Kamara birinci yeri tutub. “Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub.
