“Ferrari” pilotu Şarl Lekler 2026-cı il mövsümündən sonra İtaliya komandasından ayrılmağa yaxındır.
Bu barədə jurnalist Corco Terruzzi bildirib.
Onun sözlərinə görə, əgər “Skuderiya”dan ayrılsa, monakolu pilot “Aston Martin” ilə müqavilə imzalayacaq. Ekspert Leo Turrini əvvəllər Britaniya komandasının dəfələrlə Şarlın meneceri Nikolas Todtla əlaqə saxladığını bildirmişdi.
“Lekler 2026-cı il mövsümünün ilk üç və ya dörd yarışında “Ferrari”ni gözləyəcək: nəticələr yenidən məyusedici olarsa, o, 2027-ci ildən “Aston Martinə” keçəcək”, - Terruzzi bildirib.
Lekler hazırda 226 xalla ümumi pilot sıralamasında beşinci yerdədir. “McLaren”dən Lando Norris 390 xalla sıralamaya başçılıq edir.
