Pavol Şafranko: “Hətta “İmişli”nin də çempionluq şansı var”

Xəbərlər
15 Sentyabr 2025 10:37
36
Pavol Şafranko: “Hətta “İmişli”nin də çempionluq şansı var”

“Neftçi” – “Sabah” oyunu derbidir. Hər iki komanda Bakıya məxsusdur, bu səbəbdən maraq böyük olur. Amma istərdik ki, stadionda daha çox azarkeş olsun”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az saytına açıqlamasında “Sabah”ın kapitanı Pavol Şafranko deyib.

Slovakiyalı oyunçu “Neftçi” ilə səfərdə heç-heçəni (0:0) ədalətli nəticə sayıb: “Düşünürəm, maraqlı oyun keçdi. Oyunun gedişində taktikanı dəyişdik. Matçda heç kimin ciddi üstünlüyü yox idi və nəticədə bərabərlik oldu”.

Şafranko 3 oyundan sonra yalnız 1 qələbə qazanmalarını qənaətbəxş göstərici hesab edib: “Mövsümün əvvəlləridir, buna görə başadüşüləndir. Normal deməzdim, amma çalışırıq ki, əlimizdən gələni edək. Yeni baş məşqçinin sistemini meydanda oturtmağa çalışırıq. Bunun üçün birlikdə işləyirik. Bu proses davam edir və nəticə də yaxşı olmalıdır”.

Kapitan komandasının çempionluq uğrunda mübarizə aparmaq potensialına da toxunub: “Hamımız yaxşı nəticəyə fokuslanmışıq. “Qarabağ”ın Çempionlar Liqasında oynaması fantastikadır. Amma biz öz oyunumuza köklənmişik. Bütün komandaların, hətta “İmişli”nin də çempionluq şansı var. Mövsümün əvvəlidir, buna görə dəqiq hansı pillə uğrunda mübarizə aparacağımızı demək çətindir”.

İdman.biz