Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo “Bütün zamanların ən yaxşı futbolçusu” mükafatı ilə təltif olunub.
İdman.biz-in məlumatına görə, Portuqaliya Premyer Liqasının rəsmi açıqlamasında bildirilir ki, 40 yaşlı Ronaldo bütün bir epoxanı müəyyənləşdirib və dünya futbolunda silinməz iz qoyub.
Futbolçu mərasimdə şəxsən iştirak etməyib, lakin təşkilatçılar onun canlı videogörüntüsünü nümayiş etdiriblər.
Ronaldu mükafata görə təşəkkürünü bildirib: “Məni "Bütün zamanların ən yaxşı futbolçusu" mükafatına layiq gördüyü üçün Primeyraya təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir – ölkəm adına belə bir mükafat almaq. İlk növbədə karyeram boyu mənə dəstək olan bütün komanda yoldaşlarıma, məşqçilərə və inkişafımda mənə yardım edən hər kəsə minnətdaram. Çox sağ olun”.
Qeyd edək ki, Ronaldo futbol tarixində ən çox qol vuran oyunçudur – onun hesabında 943 qol var. O, həmçinin “Qızıl top” mükafatlarının sayına görə də ikincidir – 5 dəfə qalib olub. Bu göstəricidə yalnız Lionel Messi (8 dəfə) ondan öndədir.
İdman.biz