Emmanuel Hakman: “Azərbaycanı avrokuboklarda təmsil etmək istəyirik” - MÜSAHİBƏ

Müsahibə
27 Avqust 2025 16:31
37
Emmanuel Hakman: “Azərbaycanı avrokuboklarda təmsil etmək istəyirik” - MÜSAHİBƏ

“Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakmanın futbolinfo.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 2-ci turunda “Araz-Naxçıvan”a uduzdunuz (1:2). Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Mən deyərdim ki, yaxşı oynadıq, pis oyun keçirmədik. Amma bu, futboldur, belə şeylər baş verir. Düşünürəm ki, daha konsentrasiyalı oynamalıydıq. Bunu edə bilmədiyimiz üçün yekunda belə oldu.

- Baş məşqçiniz Kurban Berdıyev matçdan sonra siz futbolçulara nə dedi, hansı iradları tutdu?

- Məğlubiyyətdən sonra o, xoşbəxt deyildi ki, bu da normaldır. Çünki “Turan Tovuz”da hər kəs qalib gəlmək istəyirdi.

- “Turan Tovuz” 2 turdan sonra 3 xal toplayıb. Bu performansı qənaətbəxş hesab etmək olar?

-Xeyr, biz bu nəticə ilə razı deyilik. Bilirik ki, daha yaxşı oynaya bilərdik. Amma bayaq dediyim kimi, futbol belədir. Artıq növbəti görüşə fokuslanmışıq.

- Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz? Bu görüşdə azarkeşlərinizi sevindirə biləcəksiniz?

- “Neftçi” yaxşı komandadır, ancaq bu mövsüm hələ qələbə qazanmayıblar. Bu isə o deməkdir ki, bizim qarşımızda çox istəkli rəqib olacaq. Amma onlar kimi, bizim də 3 xala ehtiyacımız var. Fikrimcə, yaxşı oyun olacaq, azarkeşlər maraqlı matça şahidlik edəcəklər.

- Yayda “Turan Tovuz”a yeni futbolçular qoşuldu. Onlar komandanı gücləndirə biliblər?

- Bəli, yeni transferlər yaxşı çıxış edirlər. Əminəm ki, zaman keçdikcə, liqaya daha yaxşı uyğunlaşdıqca hər biri indiki performansından da artığını nümayiş etdirəcək.

- Ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilmədiniz. Bu dəfə istəyinizə çata biləcəksiniz?

- Məqsədimiz eynidir: Azərbaycanı avrokuboklarda təmsil etmək istəyirik. Ümid edirəm ki, cari mövsümün sonunda buna nail ola biləcəyik.

İdman.biz