Madrid "Real"ının baş məşqçisi Xabi Alonso İspaniya La Liqasının ilk turunda "Osasuna"ya qarşı oyunda yarımmüdafiəçi Arda Gülerin çıxışını dəyərləndirib.
İdman.biz xəbər verir ki, Madriddə keçirilən görüş "Kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 51-ci dəqiqədə penaltidən Kilian Mbappe vurub.
Start heyətində yer alan Arda Güler isə 90-cı dəqiqədə əvəzlənib. AS nəşri Alonsonun sözlərini belə təqdim edib: "Arda Güler komandaya qoşulandan bəri inanılmaz dərəcədə inkişaf edib. Təkcə oyunun keyfiyyəti baxımından deyil, həm də meydandakı mövqeyini anlamaqda və topla davranmada böyük irəliləyişə nail olub. O, ilk hissədə parlaq çıxış etdi və bir neçə dəfə topu uğurla ələ keçirdi".
Ötən mövsüm Arda Güler Madrid klubunun heyətində 44 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun "Real"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir və futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
İdman.biz