“Araz-Naxçıvan”ın futbolçusu: "Çətin oyunlar olacaq" - MÜSAHİBƏ

Müsahibə
4 Avqust 2025 12:16
59
“Araz-Naxçıvan”ın futbolçusu: "Çətin oyunlar olacaq" - MÜSAHİBƏ

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” komandasını mübarizədən kənarlaşdıraraq (2:1,2:2) növbəti raunda yüksələn “Araz-Naxçıvan”ın futbolçusu Çarlz Bolinin AZƏRTAC-a müsahibəsi

– “Aris” ilə oyunlarda tarixi nəticəyə imza atdınız. Hər iki görüş barədə nə deyə bilərsiniz?

– Çox xoşbəxtik. Hər iki oyun yaxşı keçdi və sonda düşünürəm ki, layiq olduğumuz qələbəni əldə etdik.

– Açığı, bir çox insan komandanızdan bu nəticəni gözləmirdi...

– Həqiqətən də çoxları bizim uduzacağımızı düşünürdü. Amma komanda şəklində oynayanda böyük işlər görə biləcəyimizi sübut etdik.

– Növbəti rəqibiniz Kiprin “Omoniya” komandasıdır. Şansları necə qiymətləndirirsiniz?

– İki maraqlı oyun olacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik.

– Ötən il Kiprdə “Apollon”un formasını geyinmisiniz və rəqibi yaxşı tanıyırsınız. Bu komanda haqqında nə bilirsiniz?

– “Omoniya” çox yaxşı komandadır. Amma biz də göstərdik ki, yaxşı oynaya bilərik. Çətin oyunlar olacaq. Lakin matça yüksək əhvali-ruhiyyə ilə hazırlaşıb meydanda uğurlu olacağımıza inanıram.

– Rəqibi analiz etmisiniz? Güclü və zəif tərəfləri hansılardır?

– Bütün bunları məşqçi heyəti ilə birlikdə analiz edəcəyik. Onlar bu işdə çox peşəkardırlar.

– Azərbaycan və Kipr futbolunu necə müqayisə edərdiniz?

– Hələ burada çempionat oyunlarında iştirak etməmişəm, ona görə də dəqiq müqayisə aparmaq çətindir.

– Kipr azarkeşləri də yunanlar qədər coşquludur. Onlara qarşı necə mübarizə aparacaqsınız?

– Yunanıstanda etdiyimiz kimi. Sadəcə, meydanda öz işimizə fokuslanacağıq.

– Konfrans Liqasındakı hədəfiniz nədir?

– Bu cür oyunlarda çıxış etmək bizə zövq verir. Hazırda diqqətimizi növbəti iki oyuna yönəltmişik.

– Öz çıxışınızı necə dəyərləndirirsiniz?

– Komandama bacardığım qədər kömək etməyə çalışıram. Meydanda komanda yoldaşlarımla birlikdə oynamaqdan zövq alıram. Ümid edirəm ki, qarşıdakı həftələrdə daha da yaxşı olacağam.

– “Araz-Naxçıvan”ın qarşısına Azərbaycan çempionatında hansı hədəflər qoyulub?

– Yaxşı çıxış etmək və mümkün qədər çox oyunda qalib gəlmək istəyirik. Bu, bizim daha yüksək yerlərdə olmağımıza kömək edəcək.

– Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınız necədir?

– Hazırda burada özümü çox yaxşı hiss edirəm. Bakı gözəl şəhərdir.

İdman.biz