Elmar Baxşıyev: "Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Xəbərlər
23 İyul 2025 19:20
59
Elmar Baxşıyev: "Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

"Sabahkı oyunun mahiyyətini həm futbolçular, həm biz yaxşı anlayırıq".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis evdəki oyunda uğurlu nəticəyə ümid edir: "Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Ola bilər ki, təcrübəsiz görünürük. Amma oyuna tam hazırıq. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, “Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var. Bəzi futbolçularımız dəfələrlə belə yarışlarda iştirak ediblər. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Oyundan-oyuna öz ustalıqlarını meydanda göstərməyə çalışırlar. Yaxşı kollektivimiz var və arzuolunan mühit formalaşdırmışıq. Düşünürəm ki, futbolçuların uyğunlaşma baxımından hər hansı problemi yoxdur".

Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında ilk matç sabah "Dalğa Arena"da saat 20:00-da start götürəcək.

İdman.biz