2007-2010-cu illərdə “Hayduk” (Xorvatiya) komandasında çıxış etmiş, vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”ın da formasını geyinmiş xorvatiyalı qapıçı Vyekoslav Tomiçin AZƏRTAC-a müsahibəsi
- Sabiq komandanız “Hayduk” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşacaq. Bu oyundakı şansları necə dəyərləndirirsiniz?
- “Zirə” ötən il Konfrans Liqasında Xorvatiyanın digər təmsilçisi “Osiyek”lə qarşılaşmışdı. Rəqib penaltilər seriyasında inamlı oynayaraq, növbəti raunda vəsiqə qazanmışdı. Düşünürəm ki, “Hayduk” “Osiyek”dən daha güclüdür. Şansları qiymətləndirsək, təmsilçimiz öndədir. “Zirə”nin imkanları o qədər də yüksək deyil.
- “Hayduk”un təmsil etdiyi Split şəhərində anadan olmusunuz. Azərbaycan futbolu və “Zirə” barədə sizdən informasiya alınıb?
- “Hayduk” klubundan heç kim “Zirə” haqqında məndən məlumat almayıb. Onların çox yaxşı skaut heyəti var. Özləri bunun öhdəsindən gəlirlər. Mənim də Azərbaycan təmsilçisi barədə kifayət qədər bilgim yoxdur.
- Rəqib komandanın hazırkı durumu barədə nə deyə bilərsiniz?
-“Hayduk” bu yay heyətinə yeni oyunçular cəlb edib. Baş məşqçi də yenidir. Müəyyən dəyişikliklər var. Onların “Zirə”ni məğlub edərək növbəti mərhələyə çıxmaq üçün böyük şansları var. Split klubunun güclü tərəflərindən biri müdafiə xəttidir. Həmin zonada etibarlı oynayırlar. Həmçinin də heyətdə Marko Livaya kimi təcürbəli və vacib oyunçu var. O, meydanın hər yerində oynaya bilir. Hər iki matçda da fərq yaradacaq.
- Vaxtilə Azərbaycanda “Xəzər Lənərkəran”da çıxış etmisiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Ölkəniz möhtəşəm idi. İndi də belədir. Bakı gözəl şəhərdir. Burada yaxşı stadionlar var. Son illərdə futbolunuz inkişaf edib. “Qarabağ” komandası avrokuboklarda uğurla çıxış edir və hər il qrup mərhələsinə yüksəlməyi bacarır.
- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?
- Azərbaycanda və Türkiyədə özümü məşqçi kimi sınamaq istəyərdim. Hər iki ölkə mənə doğmadır.
İdman.biz