Mahir Emreli: "Kayzerslautern"lə Bundesliqaya vəsiqə qazanacağımıza ümid edirəm" - MÜSAHİBƏ

Müsahibə
30 İyun 2025 17:08
45
Mahir Emreli: "Kayzerslautern"lə Bundesliqaya vəsiqə qazanacağımıza ümid edirəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi

- İlk olaraq "Kayzerslautern"ə keçidinizlə bağlı fikirlərinizi almaq istərdik. İlkin təəssüratlarınız necədir?

- Burada ilk günlərim həqiqətən çox gözəl keçir. Komandada yavaş-yavaş oyunçulara uyğunlaşmağa çalışıram. Bu komandaya gəldiyim üçün xoşbəxtəm. Stadionda bir daha oyuna çıxmaq üçün səbirsizlənirəm. Məncə, dünyanın ən gözəl və maraqlı atmosferlərindən biridir. Bu arenada oynamaq hər futbolçuya həzz verir və işini daha da sevdirir.

- Bir çox təkliflərinizin olduğunu bilirik. "Kayzerslautern"i seçməyinizdə əsas səbəb nə oldu?

- Onlar məni heyətlərinə qatmaq üçün daha çox çalışdılar, səy göstərdilər. Hərtərəfli məni razı sala bildilər. Mən də düşündüm ki, bu kluba keçidim daha doğru addım olacaq.

- Kollektivə uyğunlaşmaq sizin üçün çətin olmur?

- Hələlik heyətdə yeniyəm. Futbolçuları yavaş-yavaş tanıyıram. Amma hamı burada canayaxındır. Şəhər də kiçik olduğu üçün klubun içində ailə abu-havası var. Düşünürəm ki, zaman keçdikcə daha da çox uyğunlaşa biləcəyəm.

- Artıq komandada iki yoxlama oyununda qol vurmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Oyunlarda fərqlənsək də, tam optimal formadan uzağıq. Gəldiyim gündən cəmi iki məşqə çıxmışdım. Daha sonra yoxlama matçları oynadıq. Çatışmazlıqlar hiss olunur. Amma mövsümün başlamasına 5-6 həftə var. Bu zaman ərzində tam formanı bərpa edəcəyik və daha yaxşı oyun sərgiləyəcəyik. Qol vurmaq motivasiya üçün önəmlidir. İndiki məqamda diqqət yetiriləsi başqa amillər var və onlara köklənmək lazımdır.

- Komandanızın növbəti mövsüm üçün hədəfləri nədir?

- "Kayzerslautern" hər zaman daha yaxşı nəticələr qazanmaq istəyir. Ümid edirik ki, Bundesliqaya vəsiqə qazanacağıq. Hədəfimiz budur. Amma dediyim kimi, II Bundesliqa gözlənilməz turnirdir. Necə olacağını indidən demək olmaz. Oyundan-oyuna qalibiyyətlər əldə etməyə çalışacağıq. Komandanın Bundesliqaya yüksəlməsi üçün əlimizdən gələnin ən yaxşısını etmək istəyirik.

- Artıq II Bundesliqa təcrübəniz var. Ötən mövsüm "Nurnberq"də 11 qola imza atdınız. Bu dəfə sizi bombardirlər sırasında görə biləcəyik?

- Əsas Bundesliqaya vəsiqə qazansaq, daha yaxşı olar, nəinki mənim bombardirlər siyahısında yer almağım. Amma niyə də yox? Liqanı tanıyıram, uyğunlaşmışam. Yeni komandadayam və artıq bura köklənmək vaxtıdır. Bombardirlikdən çox komandama necə faydalı ola biləcəyimi fikirləşirəm.

İdman.biz