“Səbail”in sabiq məşqçisi Elmir Xankişiyevin futbolinfo.az saytına müsahibəsi
– Ölkə çempionatının başa çatan mövsümü əvvəlkilərdən nə ilə fərqləndi? Hansı komandalar sizi müsbət mənada təəccübləndirə bildilər?
– Ənənəvi olaraq “Qarabağ” çempionluq yaşadı. Bu, əvvəlcədən bilinirdi. “Zirə”nin irəli yerlər uğrunda mübarizə aparacağı bəlli idi. Amma ikinci yeri tutması bir qədər sürpriz oldu. Çünki əvvəldən “Neftçi” və “Sabah”ın daha yüksək yerlər uğrunda oynayacağı təxmin edilirdi. Məni mənfi mənada təəccübləndirən bu iki komanda oldu. “Sabah” və “Neftçi” öz potensiallarından aşağı çıxış etdilər, çempionatda istədikləri yerləri tuta bilmədilər. “Sabah”ın kubokda final oyunu qalıb. Həlledici oyunda “Qarabağ”a uduzsalar, mövsüm onlar üçün uğursuz nəticələnəcək. Müsbət mənada təəccübləndirən isə “Araz-Naxçıvan” oldu. Onların 3-cü yeri tutacağını və avrokuboklara vəsiqə qazanacağını mövsümün startından öncə heç kəs gözləmirdi.
– Mövsümün əvvəlində köməkçi məşqçi kimi çalışdığınız “Səbail”in sezonun sonunda I Liqaya düşməsi sizə necə təsir etdi?
– Əlbəttə, “Səbail”in Premyer Liqanı tərk etməsi mənə çox pis təsir etdi. İki il o klubda çalışdım. I Liqaya düşmələrinə çox üzüldüm. Ümid edirəm ki, “Səbail” komandası toparlanaraq “Qəbələ” kimi 1 ildən sonra Premyer Liqaya qayıdar. “Səbail”ə uğurlar arzulayıram.
– Sizcə, bu mövsümün tapıntısı hansı futbolçular oldu?
– 2-3 gənc oyunçunu qeyd edə bilərəm. “Səbail”dən qapıçı Əlirza Müştəbazadə bu ilin tapıntısı kimi üzə çıxdı. “Sabah”dan Xəyal Əliyev də özünü yaxşı tərəfdən göstərdi. Bir də “Şamaxı”dan Edqar Adilxanovun adını çəkərdim. Əvvəllər heç yerdə tanımadığımız bu futbolçular cari mövsümdə özlərini yaxşı tərəfdən göstərib tanındılar. Onlara gələcək karyeralarında uğurlar arzulayıram. Daha da artırsınlar, daha çox məşq etsinlər və bundan da yüksək zirvələrə ucalsınlar.
– Bu gün “Qarabağ” və “Sabah” arasında ölkə kubokunun final matçı keçiriləcək. Kimin qalib gələcəyini düşünürsünüz?
– Favorit “Qarabağ”dır. Amma final matçları elə oyunlardır ki, hər zaman sürpriz gözləmək olar. “Sabah” da sürprizə imza ata bilər. Çünki avrokuboklara çıxması üçün bu, son şansdır. Ancaq dediyim kimi, “Qarabağ”ı favorit sayıram.
İdman.biz