Xətai Bağırov: “Dünya çempionu olmağın vaxtıdır” - MÜSAHİBƏ

Xəbərlər
24 May 2025 17:47
32
Xətai Bağırov: “Dünya çempionu olmağın vaxtıdır” - MÜSAHİBƏ

Minifutbol üzrə milli komandamızın üzvü Xətai Bağırovun Futbolxeber.az saytına müsahibəsi

- Uğursuz startdan sonra milli komandamız Sloveniyanı məğlub etdi. 4:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Oyuna ciddi hazırlaşmışdıq. İlk matç çətin keçmişdi. Bu da ot örtüyü ilə əlaqədar idi. Meydan amili oyunumuza təsir eləmişdi. Sonradan söhbəti tutduq ki, necə oynamaq lazımdır.

- İlk matçdakı heç-heçədən sonra komandada psixoloji gərginlik yaranmamışdı?

- İlk matçlar həmişə çətin keçir. Ona görə də psixoloji cəhətdən uğursuz nəticənin üzərindən atırsan. İkinci matçda göstərdik ki, hazırıq. Yaxşı oyunla qələbə qazandıq.

- Son turda Mavritaniya ilə matçda qrup qalibi müəyyənləşəcək. Şansları necə dəyərləndirirsiniz?

- Üçüncü turda liderliyi tam təmin edəcəyik. Artıq özümüzə inam qayıdıb. İnanırıq ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticə qazanacağıq.

- Azarkeşlərdən söz düşmüşkən, onlara sözünüz var?

- Hər oyunda bizə əla dəstək verirlər. Buna görə onlara minnətdaram. Finala qədər bizi dəstəkləsinlər. Biz də çalışacağıq ki, fanatları final və ya kubokla sevindirək.

- Konkretləşdirək: məqsəd finaldır, yoxsa kubok?

- İlk məqsədimiz finala yüksəlməkdir. Finalda da son addımı atmalıyıq ki, qalib olaq.

- Millimizin potensialı buna imkan verir?

- Əlbəttə. Daha əvvəl Avropa çempionu olmuşuq, indi də dünya çempionu olmağın vaxtıdır.

- Rəqiblərin oyunlarını izləyirsiniz?

- Bəli, baxırıq. Bundan sonrakı potensial rəqiblərimizi analiz edirik. İnanırıq ki, hər şey yaxşı olacaq.

İdman.biz