5-ci ildir Rusiya legioner həyatı yaşayan Azərbaycan yığmasının 23 yaşlı müdafiəçisi Nigar Mirzaliyevanın Teleqraf-a müsahibəsi
- Bu yaxınlarda “Zenit”dən sizə yeni müqavilə təklifi edildiyini açıqlamışdınız. Belə çıxır ki, başqa təklifləriniz də var. Karyeranız barədə yekun qərar vermisinizmi?
- “Zenit”lə daha bir illik müqaviləm var. Bəli, klub mənə yenidən müqavilə təklif edir. Amma bu barədə bir az da düşünməliyəm. Başqa təkliflərim də var, ancaq hələ qərar verməmişəm. Digər klublardan yaxşı təkliflər gəlsə, dəyərləndirə bilərəm.
- Ümumiyyətlə, “Zenit”dəki karyeranızı necə dəyərləndirirsiniz: futbol həyatınızda nələri dəyişdi?
- “Zenit” çox güclü komandadır, məşqçi heyəti, qızlar – kollektiv olaraq hamısı çox yaxşıdır. Bu klub mənə çox şey öyrədib. Deyə bilərəm ki, futbol karyeram gözəl şəkildə irəliləyir. Hər oyunda yeni bir şey öyrənir, səhvlərim üzərində işləyirəm. “Zenit”ə gəldiyim üçün peşman deyiləm.
- Rusiya təmsilçiləri sanksiyalar ucbatından UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilmirlər. Bu, sizə necə təsir edir?
- UEFA turnirlərində iştirak edə bilməmək bizim üçün bir qədər üzücüdür. Çox istərdik ki, ölkə xaricinə çıxıb oynaya bilək. Təəssüf ki, hələlik bu, mümkün deyil. Amma biz yenə də eyni həvəs və motivasiya ilə çıxış edirik.
- Ailə üzvlərindən uzaqda qalmaq, legioner həyatı yaşamağın hansı çətinlikləri var?
- Əlbəttə, ailəmdən uzaqda qalmaq məni çox üzür. Ailəmi yalnız Bakıda oyunlarım olanda görə bilirəm. Amma mənim planlarım, istəklərim var. Onlara çatmaq üçün əziyyət çəkmək lazımdır və mən buna dözürəm. Ailəmlə hər gün, hər dəqiqə danışıram. Demək olar ki, tənhalığa alışmışam. Amma yenə də içimdə darıxmaq hissi var. Çox istərdim ki, qadın futbolu Azərbaycanda, ən azı Rusiyada olduğu kimi inkişaf etsin və mən gəlib öz ölkəmdə, öz millim üçün oynayım.
- Adətən, azərbaycanlı kişi futbolçuların xaricdə legioner həyatı uzunmüddətli olmur. Qadın yığmasının üzvlərində isə əksinədir. Bunun səbəbi nədədir?
- Səbəbini dəqiq bilmirəm. Amma mən karyeram haqqında çox düşünürəm. Futbolu çox sevirəm. Buna görə də xarici ölkələrdə oynamaq, Azərbaycanın adını yüksəltmək və tanıtmaq istəyirəm. Ən böyük arzum tanınmış, məşhur qadın futbolçu olmaqdır.
- Yaxın gələcəkdə Avropa ölkələrində forma geyinməyi düşünürsünüzmü?
- Çox istərdim ki, Avropa klublarından birində oynayım. Özümə çox inanıram. Bilirəm ki, bir gün bu istəyim gerçəkləşəcək və mən Avropa klublarında oynayacağam.
- Adətən, qadın futbolçuların çoxu ailə həyatı qurduqdan sonra karyerasını bitirir. Yaxın gələcəkdə ailə həyatı qurmaq kimi fikriniz varmı?
- Hələlik ailə həyatı qurmaq planım yoxdur. Düşünürəm ki, hələ gənc futbolçuyam, mənim üçün bu addım tezdir. Hazır deyiləm və karyeramda daha da irəliləmək istəyirəm.
- Ümumiyyətlə, ailənizə görə futbol karyeranıza son qoyarsınızmı?
- Bəzən elə bir yaş dövrü gəlir ki, istəməsən belə, karyeranı bitirməyə məcbur olursan. Amma ailəli olsam, ailəmin fikrinə hörmətlə yanaşaram.
- Nigar Mirzəliyeva özünü neçə yaşdan sonra məşqçi kimi görür? Məşqçi kimi də xaricdə çalışmaq, yoxsa Azərbaycanda qalıb işləmək istərdiniz?
- Düşünürəm ki, futbol karyeramı bitirdikdən sonra bəlkə də məşqçi ola bilərəm. Çünki mən futbola çox bağlıyam, onu çox sevirəm və futboldan ömürlük ayrı olmaq istəmirəm. Bu səbəbdən, gələcəkdə Azərbaycanda bir klub yaradıb məşqçilik edə bilərəm. Hətta özüm futbol oynamasam belə, komandamın olmasını çox istərdim. Kənarda dayanıb futbola sadəcə baxmaq mənim üçün bir qədər çətin olar. Amma artıq başa düşərəm ki, bu, mənim işimdir və mən artıq məşqçiyəm.
İdman.biz