"Kəpəz"in qapıçısından etiraf: "Ədalətli nəticə idi" - MÜSAHİBƏ

Müsahibə
30 Aprel 2025 14:32
284
"Kəpəz"in qapıçısından etiraf: "Ədalətli nəticə idi" - MÜSAHİBƏ

"Kəpəz"in qapıçısı Rojerio Santosun Sportal.az saytına müsahibəsi

- “Kəpəz" son turda "Zirə"yə uduzdu. Maraqlıdır ki, 2025-ci ildə evdə "Kəpəz" uduzmamışdı. Hətta "Qarabağ"la bərabərə qalmışdınız. "Zirə" ilə matçda nə baş verdi?

- “Zirə” çox yaxşı dövrünü keçirir. Onlar bizdən daha yaxşı idi. Biz oyunda qol vurmaq imkanı yarada bilmədik. Belədə, fikrimcə ədalətli nəticə qeydə alındı.

- Yəqin ki, "Zirə"yə məğlub olduqdan sonra "Səbail" - "Araz-Naxçıvan" görüşünü həyəcanla izlədiniz? Çünki "Səbail" qələbə qazansaydı, "Kəpəz"lə xal fərqi 5 olacaqdı...

- Düzünü desəm, oyuna baxmamışam. Ona görə də bir fikir bildirə bilməyəcəm.

- Növbəti turda rəqibiniz "Neftçi"dir. Onlara kubok matçında məğlub olmusunuz. Bu görüşə revanş kimi baxırsınız? "Neftçi" üçün avrokubok mübarizəsi də başa çatıb. Onların əsəbi olacağını düşünürsən?

- Bütün oyunlar fərqlidir. Doğrudur, kubokda onlara uduzmuşduq. Amma çempionatda artıq iki oyunda qalib gəlmişik. Bu dəfə də qələbə üçün oynayacağıq.

- Növbəti turda "Kəpəz" Premyer Liqada qala bilər. Yəni, bunu rəsmiləşdirməyiniz mümkündür. “Kəpəz" "Neftçi"ni məğlub etsə, "Səbail" də "Şamaxı"ya uduzarsa bu sezon yüksək liqada qalacaqsız. Səncə, bu, qarşıdakı turda baş verəcək?

- Düzünü deyim, biz sadəcə öz oyunumuzla maraqlanırıq. Təbii ki, biz qələbə qazanmalıyıq. Bunun üçün də çalışırıq. Əhəmiyyətli olan yalnız özümüzük. İndidən hazırlaşırıq. Çalışacağıq ki, qalib gələk.

- Yeni mövsüm yeni sponsorun gəlişi ilə "Kəpəz"in daha iddialı olacağı gözlənilir. Yeni stadionunuz da istifadəyə veriləcək. Komanda avrokuboklar uğrunda mübarizə apararsa, daha iddialı olarsa, "Kəpəz"də qalmaq istəyərsən?

- Mən sadəcə olaraq bu mövsümdəki çıxışımıza fokuslanmışam. Çox istəyirəm ki, “Kəpəz” Premyer Liqada qalsın. Hazırda gələcək əhəmiyyət daşımır. Bizə indiki gün vacibdir. Gələcəkdə isə nələrin necə olacağını görəcəyik.

- Bu tur "Qarabağ" çempionluğunu rəsmiləşdirdi. Sənin üçün yəqin ki, gözlənilməz olmadı. Ümumiyyətlə, "Qarabağ" haqda hansı fikirdəsən? Səncə, onlar niyə bu qədər güclüdür?

- Hamı bilir ki, “Qarabağ” Premyer Liqanın ən güclü komandasıdır. Onların əla oyunçuları var. Həm də maddi cəhətdən digər komandalardan daha yaxşı vəziyyətdədirlər. Həqiqətən onlara qarşı oynamaq da asan deyil.

İdman.biz