Tomislav Mişura: "“Neftçi” ölkə kubokunu qazanaraq mövsümü xilas edəcək" - MÜSAHİBƏ

Müsahibə
20 Aprel 2025 17:17
286
Tomislav Mişura: "“Neftçi” ölkə kubokunu qazanaraq mövsümü xilas edəcək" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq forvardı Tomislav Mişuranın Sportal.az-a müsahibəsi

- “Neftçi”nin keçirdiyi oyunları izləyirsən?

- İmkan olduqca matçlara baxıram. Alınmırsa, ən azından nəticələri izləyirəm.

- Komandanın qeyri-stabil çıxışını necə dəyərləndirisən?

- Təbii ki, qeyri-stabil çıxış yaxşı deyil. Sevindirici nəticələr deyil. Görünən budur ki, “Neftçi”nin heyəti yenidən qurulmalıdır. Bu baş verəcək, ya yox onu da artıq zaman göstərəcək.

- “Neftçi” hazırda turnir cədvəlində 6-cı pillədədir, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə isə “Sabah”a 1:2 uduzub. Mövsümün qalan hissəsində “Neftçi”nin uğurlu çıxışına inanırsan?

- İnanıram və arzulayıram ki, “Neftçi” ölkə kubokunu qazanaraq mövsümü xilas edəcək. Dediyim kimi, “Neftçi”də dəyişikliklərə, yenilənməyə ehtiyac var. “Neftçi”nin oyun stilinə uyğun futbolçular dəvət etmək lazımdır.

- “Neftçi”nin avrokuboklara yollanmaq üçün demək olar ki, tək yolu da kubokdan keçir...

- Bəli, bəli. Məhz buna görə “Neftçi”nin kuboku qazanacağına inanmaq istəyirəm. Çətin olacaq, lakin mümkünsüz də deyil.

- “Neftçi”də səndən sonra daha bir sloveniyalı oynadı, o da Mixal Peskoviç. 2015-ci ildən bu yana komandada sloveniyalı oyunçu yoxdur. Sabiq komandanda həmyerlilərinin oynaması sənin üçün maraqlıdır?

- Doğrudur, Peskoviçi də xatırlayıram. Düzünü desəm, tanıdığım oyunçular var ki, onlar məndən “Neftçi” haqda soruşurlar. Çünki bu klubda oynadığımı bilirlər. Bu mənada, ara-sıra suallar verirlər. Bilmək olmaz, bəlkə nə vaxtsa sloveniyalı oyunçulardan birini “Neftçi”yə gətirdim (gülür).

İdman.biz