Aslan Kərimov: “Lion”la maksimum heç-heçə edə bilərdik” - MÜSAHİBƏ

Müsahibə
29 Noyabr 2024 16:16
89
Aslan Kərimov: “Lion”la maksimum heç-heçə edə bilərdik” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- “Qarabağ”ın Avropa Liqasının V turunda “Lion”la oyununu necə dəyərləndirirsiz? Bir neçə epizodda qapı dirəyi və tiri rəqibin dadına çatdı. 1:4 hesablı məğlubiyyətə şansızlıq, yoxsa səviyyə səbəb oldu?
- Şanssızlıqlar da var idi. “Qarabağ” ilk hissədə daha yaxşı oynayırdı. Rəqibin də strategiyası fərqli oldu. Hər kəs düşünürdü ki, “Lion” dominant futbol oynayacaq. Daha çox hücumda olacaq. Amma onlar bunu etmədilər. Bir qədər geridə “oturdular”. Buna səbəb də yəqin ki, eksperimental - gənclərlə təcrübəlilərin yer aldığı qarışıq heyətə üstünlük vermələri idi. 2-3 dəfə bizi əks-hücumda yaxaladılar. Buna baxmayaraq, “Qarabağ”ın da şansları oldu. Düşünürəm ki, qollar vursaydıq belə “Lion”la maksimum heç-heçə edə bilərdik. Komandamızın hücum və müdafiə balansını nəzərə alsaq, qələbə çətin görünürdü. Rəqibin də qollardan başqa şansları oldu. Bunu da nəzərə alsaq, bəxtimiz gətirsəydi ən yaxşı halda heç-heçə edə bilərdik.

- “Qarabağ”da kimi fərqləndirərdiz və kim gözləniləndən zəif oynadı?
- Kevin Medinanın yaxşı oynadığını demək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. O, rəqibin bir çox həmləsinin qarşısını aldı. Bəzi epizodlarda olmasaydı, “Lion” daha çox qol vura bilərdi. Düzdür, bir səhvi oldu, amma belə şeylər qaçılmazdır. Müdafiə planı baxımından çox yaxşı görünürdü. Öndə oynayan 4-lük - Olavio Juninyo da daxil olmaqla, komanda müdafiəsi baxımından çox zəif görünürdülər. Fərqləndirməli olsam, elə tək Medinanının adını çəkərdim.

- Bu məğlubiyyətdən sonra pley-off şanslarımız barədə fikirləriniz necəsiz?
- Əslində, turnir cədvəlində ilk “24-lük”dən sonuncu olan komandanın 5 xalı var. Yenidən 1 qələbə qazansaq, mövqeyimizi çox yaxşılaşdıra bilərik. “Budo Qlimt”, “Malmö”nün bundan sonra 3 xal qazanması çətin görünür. Bu baxımdan 1 qələbə, 1 heç-heçə bizi pley-off mərhələsinə çıxaracaq.

- İllərdir “Qarabağ” müəyyən səviyyəyə qədər irəliləyir, lakin müəyyən nöqtədə dayanır. Sizcə, daha irəli getmək üçün nə çatmır?
- “Qarabağ” zaman-zaman yaxşı formada olur. Bəzən də əksinə. İnkişafın olmaması ölkə çempionatı və klublarımızın maddi durumu ilə bağlıdır. Digər klubların da “Qarabağ” qədər maliyyə ayırmaq və oyunçu transfer etmək imkanı olsa, inkişaf sürətlənəcək. Əgər açıq danışsaq, “Lion” da möhtəşəm futbol göstərmədi. Bu Avropa Liqasının yarımfinalı olsaydı və hansısa neytral meydançada keçirilsəydi tamam fərqli ssenari alınacaqdı. “Lion” bizimlə çox rahat oynayırdı. Eləcə də, “Qarabağ” daxili çempionatda belə rahat mübarizə aparır. Onlar da “Kəpəz”, “Səbail”ə qarşı çox rahatdırlar. Qaçsalar da, döyüşsələr də hiss olunur ki, daxildən çox rahatdırlar. Bunun özü də “Qarabağ”ın inkişafına mane olur.

- Təbii ki, bu uğurlarda, “Qarabağ”ın bu səviyyəyə çatmasında baş məşqçi Qurban Qurbanovun çox böyük əməyi var. Amma sanki bundan artığını etmək çətin görünür. Siz necə fikirləşirsiz?
- Düz deyirsiz. Klubun bu səviyyəyə gəlib çatmasında əsas rol sahiblərindən biri Qurban Qurbanovdur. Amma bir şeyi də nəzərə alaq ki, oyunun taleyini meydandakı futbolçular həll edir. Düzgün transferlər edib, komandanın daxilində yaxşı ab-hava yarada bilirsinizsə, böyük uğura nail olursuz. Sizi əmin edirəm ki, nəinki Qurbanov, digər məşqçilərimiz də öz yanaşmaları ilə Avropadakı mütəxəssislərdən geri qalmırlar. Bunu seminarlarda çıxış edən məşqçilərimiz özləri də görürlər. Savad baxımından geri qalmırıq. Sadəcə oyunçu keyfiyyəti və daxili çempionat bir az zəifdir. Ona görə də bundan o tərəfə addım ata bilmirik.

Emin Ağa
İdman.biz