Qurban Qurbanov: "Bu il böyük işlər gördük" - MÜSAHİBƏ

Müsahibə
2 İyun 2024 22:24
839
Qurban Qurbanov: "Bu il böyük işlər gördük" - MÜSAHİBƏ

"Futbolçularıma təşəkkür edirəm".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun final matçında "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli məşqçi kubokun finalında yaxşı oyunla mövsümə damğa vurduqlarını bildirib: "Maraqlı oyun oldu. Bu gün qarşımızda çox istəkli komanda var idi. Sonadək bizə şərait yaratmadılar. "Zirə" yaxşı mövsüm keçirib. Həm çempion, həm də kubokun sahibi olduq. Bu il böyük işlər gördük. Yeni mövsümdə daha da güclənib inkişaf edəcəyik. Çalışırıq ki, əlimizdən gələni edək".

- Final Maksim Medvedevdən başqa kimlər üçün sonuncu oyun oldu?

- ⁠O, karyerasını bitirdi. Hansısa bir ayrılıq olsa klub tərəfindən açıqlanacaq.

- ⁠Son illər mükafatlandırma mərasiminə çıxmırsız. Bunun səbəbi nədir?

- ⁠Heç bir səbəbi yoxdur. Məni həmişə qarşınızda oluram. Orada futbolçuların olmasını daha çox istəyirəm.

- ⁠Rəşad Sadıqovun sizin səviyyənizə çıxması üçün nə qədər zaman lazımdır?

- ⁠Bilmirəm bu suala necə yanaşım. Hesabda məğlub olsalar da, bu gün onun komandasının göstərdiyi nəticələr göz qabağındadır. Bizim böyük klublarımız Premyer Liqada 3-4-cü yeri tutdular. Amma Rəşadın komandası ikinci oldu və bu gün kubokda da məğlub sayılmalı deyillər. "Zirə"nin büdcəsinə görə gördüyü işə nəzər yetirsək bəlkə də bizə qalib gəldilər.

- ⁠Aleksey İsayevdən razısız?

- ⁠Razıyam. Komanda üçün də effekt verir. Biz 11 futbolçu ilə mövsümü başa vura bilmərik. Komandaya götürdüyümüz futbolçulardan maksimum şəkildə istifadə edirik. Onun performansı məni qane edir. Ona güvənim çoxdur. Komandada digər oyunçular kimi Alekseyin də faydası çoxdur.

- ⁠Maksim "Qarabağ"da məşqçilik fəaliyyətinə başlaya bilər?

- Onunla qısa danışıgımız olub. Maksim kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. O, gələcək karyerasında məşqçi olmaq istəyindədir. Yaxın günlərdə bununla bağlı danışıqlar olacaq. Onun tək bizim üçün deyil, bütün Azərbaycan futbolu üçün faydası olub.

- ⁠Nəriman Axundzadə verilən şansdan yetərincə istifadə edə billirmi?

- ⁠Nəriman ona verilən şansdan yaxşı istifadə edib. Son 3-4 oyunu çıxsaq, razı qalmışam. Gənc futbolçudur. Mövsüm boyu eyni səviyyədə çıxış edə bilməz. İşgüzardır, bacarığı, qabiliyyəti var. Onun keyfiyyətlərini maksimum ortaya çıxarmaq üçün kömək edirik. Mən daha yaxşı Nəriman görmək istəyirəm və tələb edirəm.

- ⁠Kadini "Qarabağ"da görmək istəyirsiniz?

- ⁠O, qayıtmaq istəyər. Azərkeşlərimiz Kadinin dönməsini daha çox arzulayır. Amma bəzən bizdən asılı olmayan səbəblər olur. Ola bilər ki, nə zamansa bizim komandaya qayıtsın. Onun "Qarabağ"da olmasını istəyərəm.

Banuçiçək Hüseynli
İdman.biz