Ağasəlim Mircavadov: “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil” - VİDEO

Müsahibə
6 May 2024 17:02
Ağasəlim Mircavadov: “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil” - VİDEO

“Mən “Neftçi”liyəm. Orda doğulmuşam, orda böyümüşəm, orda işləmişəm. “Neftçi” əzizimiz sayılır. Onların belə oyunu ürəyimizi ağrıdır”.

Bunu “İdman Bizdə”nin qonağı olan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

“Neftçi”nin sabiq baş məşqçisi “ağ-qaralar”ın hazırkı durumunu dəyərləndirib. O bildirib ki, komandada əsas problemlərdən biri baş məşqçisini tez-tez dəyişməsidir: “Sabiq futbolçularla bu barədə çox danışırıq, hətta bu gün Məşqçilər Komitəsinin üzvləri bundan danışdıq. Hər 3, 6 aydan bir məşqçi dəyişikliyi olmaz. Baş məşqçi seçimi çox vacib amildir. Heç olmasa 2-3 il vaxt verilməlidir. Elə məşqçi seçilməlidir ki, o, ailə yarada bilsin. Komanda bir ailədir. Onun böyüyü baş məşqçidir. Çalışdırıcının da böyüyü klub prezidentidir. Rəhbərlə baş məşqçi arasında münasibətlər sıx olmalıdır. Klubda futbola aid nə varsa, baş məşqçi etməlidir. Bizdə əvvəllər futbolçu məşqçiyə görə oynayırdı. Amma indiki “Neftçi”də bu yoxdur. Oyunlarda ürək qoymurlar, istək yoxdur. Arada matçlarına baxanda deyirəm ki, görəsən bunlar məhəllə futbolu oynayıblar? Məhəllədə yaş uyğunluğu olmasa da, istək olur. Adil Şükürov “Kəpəz”ə gələndən sonra onlar istəkli oynayırlar. Onu mən “Neftçi”də görmürəm”.

Mircavadovun sözlərinə görə, “Neftçi”nin “Qarabağ”dan xal ala bilməməsi üzücü haldır: “8 klub “Qarabağ”dan xal alıb. Təkcə “Neftçi” bunu bacarmayıb. Onlar ağdamlılara qarşı 2-si kubokda olmaqla 6 oyun oynayıblar. Bu, biabırçılıqdır. Söhbət nəticədən getmir. Söhbət oyunun mahiyyətindən, futbolçuların istəyindən, komandanın durumundan gedir. Həddindən artıq qəribə vəziyyətdir. “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil. Rəhbərlik böyük iş görməlidir”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 33 turdan sonra topladığı 50 xalla 5-cidir.

Emin Ağa
İdman.biz