Kaxaber Tsxadadze məsuliyyəti üzərindən atıb - "Qəbələ" onun imicini aşağı salıb

Xəbərlər
28 Aprel 2024 18:42
Kaxaber Tsxadadze məsuliyyəti üzərindən atıb - "Qəbələ" onun imicini aşağı salıb

"Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının XXXII turunda "Kəpəz"ə 0:1 hesablı məğlubiyyəti şərh edib: "Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik".

Tsxadadze gələcəklə bağlı klubun rəhbərliyi ilə müzakirələr aparacaqlarını bildirib: "Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü "öldürmüş" olduq".

"Qəbələ"nin baş məşqçisi komandaya böyük ümidlərlə gəldiklərini qeyd edib: "Federasiyadan gözləntim, istəyim yoxdur. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. "Qəbələ"nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdir. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədir".

Qeyd edək ki, sonuncu pillədə qərarlaşan "Qəbələ"nin Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.

İdman.biz