“Kral da öldü, vəzir də”, əcnəbilərə vida - TƏHLİL

Təhlil
25 Aprel 2024 12:08
504
“Kral da öldü, vəzir də”, əcnəbilərə vida - TƏHLİL

Azərbaycan kubokunda yarımfinal mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, finalçılar cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” və “Qəbələ” – “Zirə” görüşlərindən sonra dəqiqləşib.

Təmiz qələbə
Yarımfinal mərhələsinin hər iki cütündə tərəflərin birinin “təmiz qələbəsi” qeydə alınıb. Yəni eyni komanda rəqibinə hər iki matçda qalib gəlib. Hətta “Qarabağ”ın “Neftçi” üzərindəki qalibiyyətləri böyükhesablı alınıb – 4:0, 4:1. “Zirə” də “Qəbələ”yə heç bir şans verməyib – 2:1, 2:0.

“Kral da öldü”, “vəzir” də
Yarımfinaldan sonra kubok sahibsiz qalıb. Turnirin son qalibi olan “Qəbələ” mübarizəni dayandırıb. “Kral öldü” ifadəsinin davamı olan “yaşasın yeni kral”ın kimə aid ediləcəyi isə iyunun 2-dəki finalda müəyyənləşəcək. Uduzan təkcə ötən mövsümün qalibi deyil, həm də finalçısı olub. Bir il əvvəl həlledici matçda “Qəbələ”yə uduzan “Neftçi” bu dəfə daha tez kubokdan əlini üzüb. Maraqlıdır ki, son finalçıları mübarizədən ondan əvvəlki finalın iştirakçıları kənarlaşdırıblar.

Finalçılar yenidən finalda
Ötən mövsümün iki finalçısı da mübarizəni dayandırsa da, həmin matçın 4 iştirakçısı həlledici görüşdə oynamaq imkanına malikdir. Bir il əvvəl “Qəbələ” ilə kubok qazanan Ruan Renato, Rafael Utziq və Məqsəd İsayev yenidən titul qazanmağa yaxındırlar. Həmin vaxt “Neftçi” ilə məğlubiyyət yaşayan Sezar Meza Kolli də ardıcıl final oynamaq imkanına malikdir. Bu futbolçuların dördü də artıq “Zirə”nin üzvləridir.

Dostlar gəlmələri göndərdilər
Yarımfinal həm də yerli və əcnəbi mütəxəssislərin mübarizəsi ilə yadda qalıb. Azərbaycanlı məşqçilər Qurban Qurbanovla Rəşad Sadıqov əcnəbi həmkarları Miodraq Bojoviçlə Kaxaber Tsxadadzeni sınağa çəkiblər. Qurbanovun özünün də “yaxın dostlar” kimi adlandırdığı yerli məşqçilər gəlmələri yarımfinaldan “göndəriblər”. Hər iki cütdə də daha gənc olan mütəxəssislər təcrübəli həmkarlarına qalib gəliblər. Bu isə o deməkdir ki, bir illik fasilədən sonra final yenə legioner baş məşqçisiz olacaq.

Hər yerdə ən güclülər
Finalın iştirakçıları Premyer Liqanın hazırkı liderləridir. Çempionatda iki ən güclü komanda sayılan “Qarabağ”la “Zirə” kubokda da bütün rəqiblərini geridə qoyub. Düzdür, artıq qızıl medalları təmin edən Ağdam klubundan fərqli Bakı təmsilçisi hələ ikinciliyi qorumalıdır. Qəsəbə təmsilçisi gümüş medal mübarizəsində sona 5 tur qalmış 2 xallıq üstünlüyə malikdir.

Azərbaycan derbisi “2024 versiyası”nda
Azərbaycan derbisi hesab olunan “Qarabağ” “Neftçi” duelləri 2024-cü ildən yeni tendensiya alıb. Bu il Ağdam klubu hər matçda rəqibinə 4 qol vurur və böyükhesabla qalib gəlir. Çempionatda 4:1, kubokda isə 4:0 və 4:1 hesablarına sevinən Qurbanovun yetirmələri bu ənənəni qarşıdakı deyil, ondan sonrakı – XXXIII turda davam etdirməyə çalışacaq. “Qarabağ” cari mövsümün ilk iki sınağında da rəqibinə şans verməyib – 2:0, 2:0. Ümumilikdə isə ağdamlılar ardıcıl 6 derbidə qələbə qazanıblar.

Avropaya üçüncü vida
Kubokun yarımfinal matçlarından sonra daha bir komandanın avrokubok şansı bitib. Premyer Liqanın autsayderi "Qəbələ" qitə kuboklarına çıxmaq üçün yeganə ümid yeri olan kubokla da vidalaşıb. Tsxadadzenin yetirmələrinə qədər “Araz-Naxçıvan”la “Kəpəz”in də Avropaya çıxmağa nəzəri şansı qalmamışdı. Qitə kuboklarına üç vəsiqəyə hazırda 6 iddiaçı qalıb. Əgər "Qarabağ" Çempionlar Liqasına yüksəlibsə, “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah” digər üç yerə əsas namizədlər, “Səbail”lə “Turan Tovuz” nəzəri şansını qoruyanlardır.

Qeyd edək ki, iyunun 2-də “Qarabağ”la “Zirə” arasında baş tutacaq final “Liv Bona Dea Arena”da təşkil olunacaq.

Vüqar Xeyrullayev
İdman.biz