“Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...

Xəbərlər
29 Mart 2024 10:29
“Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün çempionu bu gün bəlli ola bilər.

İdman.biz xəbər verir ki, qızıl medalların sahibinin “Kəpəz” - “Qarabağ” oyununda dəqiqləşməsi mümkündür.

IV dövrənin ilk günündə baş tutacaq XXVIII turun matçında qonaqların uduzmaması buna kifayət edəcək. Hazırda 66 xala malik Qurban Qurbanovun yetirmələri “Kəpəz”dən üç və ya bir xal alsa, digər komandalar üçün əlçatmaz olacaq.

İndiyədək 10 dəfə çempion adını qazanan “Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 və 2022/2023 mövsümlərində qızıl medal qazanıb. Ardıcıl 3-cü, ümumilikdə 11-ci dəfə ən güclü olmağın bir addımlığında olan klub son 11 ildə 10 dəfə bu zəfərə imza atıb. Yəni Qurbanov da baş məşqçi kimi 10-cu çempionluğunu qazanacaq.

8 tur qalmış rəsmiləşə biləcək bu uğurun təxirə düşməsi üçün “Kəpəz” Bakıda keçirəcəyi ev matçında qalib gəlməlidir. “Qarabağ” bu gün uduzsa da, sabah çempionluğu əldə edə bilər.

Bunun üçün “Neftçi” bu gün Qəbələdə xal itirməli, “Sabah”la “Zirə”nin sabahkı Bakı derbisi heç-heçə bitməlidir. Bu iki görüşün belə nəticələnməsi Ağdam klubunu məğlubiyyətlə çempionluğa daşıyacaq.

Amma “Qarabağ” uduzsa, onları keçmək üçün nəzəri şanslarını qoruyan üç komandadan - “Neftçi”, “Zirə” və “Sabah”dan biri qalib gəlsə, çempionluğun rəsmiləşməsi növbəti tura qədər təxirə düşəcək.

Əslində, “Kəpəz”in “Qarabağ”ı udmasının özü də möcüzə sayılır. Gəncə klubu 2002-ci il aprelin 4-dən sonra rəqibinə qalib gələ bilmir. 31 oyundur bunu bacarmayan qərblilərin doğma stadiondan uzaqda, Avropada tarixi nəticələri sıralayan və çox güclü rəqibini dayandıracağı heç inandırıcı görünmür. Təxminən 5 ay əvvəl 1:7 hesablı darmadağın alan komandanın bunun revanşını çempionluğu təxirə salmaqla ala bilməsi mümkünsüzə yaxın sayılır.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz