Kaxaber Tsxadadze: “Elə baş məşqçi seçilməlidir ki...” - MÜSAHİBƏ

Müsahibə
27 Mart 2024 17:20
714
Kaxaber Tsxadadze: “Elə baş məşqçi seçilməlidir ki...” - MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin İdman.biz saytına müsahibəsi

- Sizi vaxtilə həm futbolçusu, həm baş məşqçisi olduğunuz Gürcüstan yığmasının AVRO-2024-ün final mərhələsinə çıxması münasibətilə təbrik edirik. Həmişə bu vəsiqə üçün mübarizə aparan komanda yalnız indi istəyinə çatdı. Bəs, əvvəl nə çatmırdı?

- İndi Avropa çempionatının final mərhələsinə Millətlər Liqasından vasitəsilə düşmək əvvəlki qədər çətin deyil. Bizimlə eyni qrupa İngiltərə, İtaliya, Almaniya kimi komandalar düşürdü. Əlbəttə ki, bu rəqiblərlə 1-2-ci yerlər uğrunda mübarizə aparmaq çox çətin idi. Amma indi Millətlər Liqası Gürcüstan, Azərbaycan kimi kiçik ölkələrə böyük turnirlərə düşmək imkanı verir. Bu, UEFA-nın yaratdığı böyük müsbət məqamdır. Düşünürəm ki, bu Millətlər Liqası Avropa çempionatına vəsiqə qazanmaq üçün böyük şansdır.

- Gürcüstan yığmasında həmişə oyunçu seçimi yaxşı olub. Komandada Avropa klublarında çıxış edən futbolçular çıxış edib. Amma final mərhələsinə vəsiqə qazanmaq yalnız indi mümkün oldu...

- Çox güclü komandamız olub. Amma təəssüf ki, final mərhələsinə yüksəlmək üçün qrupda oynamalı olurduq. İngiltərə, İtaliya, Almaniya kimi nəhənglərlə mübarizə aparmaq çətin idi. Millətlər Liqası isə bunun üçün imkan yaradır. Gürcüstan da öz şansından çox yaxşı istifadə etdi.

- Almaniyada keçiriləcək AVRO-2024-ün final mərhələsindən nə gözləyirsiz?

- Əgər biz ora çıxmışıqsa, artıq hamı ilə “döyüşməliyik”. Əlbəttə ki, orada bütün komandalar çox güclüdür. Amma düşünürəm ki, Türkiyə və Çexiya ilə oynamaq gücümüzə görədir. Qrupumuzun aşkar favoriti Portuqaliyadır. Hesab edirəm ki, Gürcüstan yığmasının 2-ci yer uğrunda mübarizə aparmağa gücü çatar.

- Maraqlıdır, görəsən, Yunanıstanla pley-offun finalındakı oyundan sonra sevincinizi federasiya və yığma nümayəndələrindən kiminlə bölüşdüz?

- Bizim bir çatımız var. Burada Gürcüstanın futbol veteranları yer alıb. Çox böyük çatdır. Oyundan sonra hamımız danışdıq, bir-birimizi təbrik etdik. Federasiya prezidenti, vitse-prezidentlər də veteranlardır. Levan Kobiaşvili, Aleksandr İaşvili, Kaxaber Kaladze də bu çatdadır. Bütün veteranlar bir-birini və bütün ölkəni təbrik etdi.

- Sizcə, Gürcüstanın uğurunu Azərbaycan da təkrarlaya bilər?

- Bunu hamı edə bilər. Sadəcə, işi qurmaq və gözləmək lazımdır. Düzünü deyim ki, bunun üçün ən vacib olanı hamının birlikdə çalışmasıdır. Ölkə, rəhbərlik dəstək olmalıdır. Mən çoxdan Azərbaycanda işləmişəm və bilirəm ki, ölkə Prezidenti də futbolu dəstəkləyir. Biz “İnter”lə “Birlik kuboku”nu qazananda Prezident bizi qəbul etmişdi. Bu, çox böyük addım və hörmət əlaməti idi. İndi elə baş məşqçi seçilməlidir ki, hamını, bütün ölkə futbolunu birləşdirsin. O, elə iş görsün ki, hamı ona belə uğur qazanmaqda kömək etsin. Gürcüstanda olduğu kimi. Villi Sanyol artıq 4 ildir millidə çalışır. Bu müddətdə enişləri də olub, bərbad oyunları da. Amma federasiya sonadək ona inandı, güvəndi. Sonadək onun arxasında dayandılar və buyurun, nail olduqlarını əldə etdilər.

- Baş məşqçidən söz düşmüşkən, Azərbaycan millisinin baş məşqçi postu boşdur və müxtəlif namizədlərin adı hallanır. Stanislav Çerçesov, Riza Çalımbay... Siz bu barədə nə düşünürsüz?

- Heç kimi təklif edə bilmərəm. Bu, mənim səlahiyyətlərimdə deyil. Bu, düzgün də olmaz. Qarışa bilmərəm.

- Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – IV dövrəsi start götürür. Baş məşqçisi olduğunuz “Qəbələ”nin millilərin oyunları ilə bağlı fasilədən sonra keçiriləcək həlledici dövrəyə hazırlığı necə gedir?

- Hazırlaşırıq. “Sabah”la yoxlama oyunu keçirdik. Yaxşı oyun və yaxşı da nəticə göstərdik. Ümidvaram ki, belə də davam edəcəyik, xallar toplayacağıq. Görək, necə alınacaq. Çox çətin, faciəvi vəziyyətdir. Sonadək mübarizə aparmalı, döyüşməliyik.

Banuçiçək Hüseynli
İdman.biz