Ceyhun Sultanov “Bayer” - “Qarabağ” oyunundan sonra özünə gələ bilmir

Müsahibə
16 Mart 2024 10:48
Ceyhun Sultanov “Bayer” - “Qarabağ” oyunundan sonra özünə gələ bilmir

"Bayer" - "Qarabağ" oyunundan sonra adam hələ də özünə gələ bilmir".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" - "Qarabağ" (3:2) matçını dəyərləndirib. Sultanovun sözlərinə görə, almanlar gözlənilməyən müqavimətlə qarşılaşıb: "Azərbaycan futbolu adına "Qarabağ" böyük işlər gördü. Açığı, Avropa bu dəqiqə Ağdam təmsilçisini tanıyır. Azərbaycan futbolu barədə artıq başqa cür təsəvvürləri yaranıb. Qurban Qurbanovun oyun üslubu, qurduğu taktika rəqib baş məşqçi Xabi Alonsodan üstün idi. O, rəqibi yaxşı analiz etmişdi, onlara qarşı necə oynayacaqlarını bilirdi. Uşaqlar artıq ona uyğun olaraq tapşırıqları yerinə yetirirdilər. Düşünürəm ki, son 10 dəqiqəni çıxmaq şərti ilə və qırmızı vərəqədən əvvəlki "Qarabağ" "Bayer"dən daha üstün idi. Onlar startda rəqibin təzyiqindən çıxdı. Bütün bunlardan sonra deməli, "Qarabağ" Avropanın bütün komandalarına qarşı oynaya bilər. Əfsuslar olsun ki - hakimlər də sağ olsunlar - "Qarabağ" mərhələni keçə bilmədi. Bu futboldur, irəli baxmaq lazımdır. Düşünün ki, Azərbaycan çempionatda belə səviyyədə 4-5 komandanın rəqabəti olsa bizim futbol hansı səviyyəyə qalxar".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.

Banuçiçək Hüseynli
İdman.biz