Zambiyada Bakıda keçirilən U-15 futbol üzrə dünya çempionatında B divizionunun qalibi olan ölkənin yığma komandasının futbolçularına mükafat pullarının verilməsi ilə bağlı qalmaqal yaranıb.
İdman.Biz Zambiyanın "Lusaka Times" nəşrinə istinad xəbər verir ki, ictimaiyyət nümayəndələri ölkənin Futbol Assosiasiyasını (FAZ) gənc futbolçuların turnirdəki uğurlu çıxışına görə onlara çatmalı olan vəsaiti mənimsəməkdə ittiham ediblər.
Yaranmış ittihamlardan sonra federasiya məsələ ilə bağlı rəsmi açıqlama verməli olub. FAZ-ın media ilə əlaqələr üzrə meneceri Qodfri Çikumbi bildirib ki, təşkilat komandanın mükafatlandırılması üçün FIFA-dan heç bir vəsait almayıb.
Onun sözlərinə görə, 17 yaşadək futbolçuların iştirak etdiyi yarışlar kommersiya deyil, inkişafyönümlü xarakter daşıyır. Çikumbi, həmçinin yetkinlik yaşına çatmayan idmançıların kommersiya fəaliyyətini məhdudlaşdırdığını iddia etdiyi beynəlxalq əmək qanunvericiliyinə istinad edib.
Federasiya rəsmisi məhz bu səbəbdən Zambiya millisinin öz divizionunda qalib gəlməsinə baxmayaraq, FIFA-dan pul mükafatı almadığını vurğulayıb.
Qeyd edək ki, FIFA-nın Bakıda keçirilən turnirin yekunları ilə bağlı rəsmi məlumatlarında qaliblərə kubok və medalların təqdim edildiyi bildirilsə də, pul mükafatları barədə heç bir məlumat yer almayıb. Bununla yanaşı, yarışın mümkün maliyyə mükafatlarını nəzərdə tutan tam əsasnaməsini açıq mənbələrdə tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Zambiya millisi tarixdə ilk dəfə təşkil olunan U-15 dünya çempionatının B divizionunun finalında Portuqaliyanı 5:2 hesabı ilə məğlub edərək qalib olub. Oktyabrın 24-dən 30-dək Azərbaycanın paytaxtında keçirilən turnirdə ümumilikdə 189 milli komanda iştirak edib.
A divizionunun qalibi isə finalda Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.
