Dani Olmo maaşının bir hissəsini Xorvatiyanın kiçik şəhərinə bağışlayır

1 Oktyabr 2026 15:18
72
Dani Olmo maaşının bir hissəsini Xorvatiyanın kiçik şəhərinə bağışlayır

İspaniyalı futbolçu Dani Olmo karyerası boyunca qazancının iki faizini Xorvatiyanın kiçik Vukovar şəhərinə bağışlayır.

İdman.Biz xəbər verir ki, bu barədə futbolçunun agenti Endi Bara danışıb.

“Olmo Xorvatiyaya çox bağlıdır. İnsanların bilmədiyi bir şeyi deyəcəyəm. Ümid edirəm, Dani buna görə məni qınamaz. O, “Dinamo”dan ayrıldığı gündən etibarən illik maaşının 2 faizini Vukovara verir. Bunlar ciddi məbləğlərdir, çünki o, çox böyük pul qazanır. Dani bunu ictimaiyyət qarşısında açıqlamır, amma mən bu barədə danışmaq istəyirəm. Çünki o, ictimai şəkildə təqdir olunmağa layiqdir”, – deyə agent bildirib.

Məhz Xorvatiyada Dani Olmo peşəkar futbolda ilk addımlarını atıb. O, Zaqreb “Dinamo”sunun akademiyasından əsas komandaya yüksəlib və klubla beş dəfə ölkə çempionu olub. Daha sonra onun karyerasında Almaniyanın “Leypsiq” və İspaniyanın “Barselona” klubları yer alıb.

Olmo “Dinamo”nun əsas komandasına Vukovar şəhərində keçirilən gənclər turnirinə səfərindən sonra düşüb. Həmin vaxt Dani müharibədən sağ çıxmış yerli sakinlərlə çox ünsiyyət qurub və baş verən hadisələr haqqında daha ətraflı məlumat əldə etməyə başlayıb. Futbolçu yaşananlardan o qədər təsirlənib ki, müharibənin nəticələrini hələ də hiss edən insanlara kömək etmək istəyib.

Agent həmçinin bildirib ki, Olmo karyerasını “Dinamo”da başa vurmaq, hətta məşqçilik fəaliyyətinə də məhz bu klubda başlamaq istəyir. Baranın sözlərinə görə, Dani hazırda Barselonada yaşamasına baxmayaraq, evdə “Dinamo”nun 7 nömrəli və üzərində öz soyadı yazılmış formasını geyinir.

İdman.Biz
Məqalədə: