“Sabah”ın U-19 komandasının “Mançester Yunayted”ə qarşı UEFA Gənclər Liqasının əsas mərhələsinin birinci turunun oyunundan çıxaracağı çoxlu yaxşı dərslər var”.
Bunu Azərbaycan təmsilçisinin baş məşqçisi Adino Mustedanaqiç deyib.
Mütəxəssis səfərdə 0:5 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
“Bu yarışın hazırlıq mərhələsində, hətta bu oyundan əvvəl də dediyim kimi, biz buna futbolçularımızın təcrübə qazanması və özlərini inkişaf etdirməsi üçün böyük bir imkan kimi baxırıq. Yəni bizim əsas hədəfimiz inkişaf etməkdir. Birinci oyundan altıncı oyuna qədər inkişaf nümayiş etdirmək istəyirik. Lakin ilk raundda bəxtimizə bəlkə də mümkün olan ən çətin rəqiblərdən biri - öz meydanında oynayan 'Mançester Yunayted' düşdü. Onlar çox rəqabətədavamlı komandadır və hədəfləri titullar qazanmaqdır. İngiltərədə U-19 komandası yoxdur, amma U-18 və U-20 komandaları var. Düşünürəm ki, bu futbolçuların demək olar ki, hamısı U-21 liqasında oynayır. Onlar bu turnirə və bizimlə oyuna çox ciddi yanaşdılar. Məhz buna görə də bu həftəsonu keçirilməli olan 'Mançester Siti' ilə oyunlarını təxirə saldılar”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
A.Mustedanaqiç planlarının qarşılaşmaya ehtiyatlı başlamaq olduğunu söyləyib:
“Tempə, ətraf mühitə və hər şeyə bir az uyğunlaşana qədər ehtiyatlı oynamaq istəyirdik. Təəssüf ki, bizim üçün hər şey mümkün olan ən pis ssenari ilə başladı. İlk standart vəziyyətdən dərhal qol buraxdıq. Bu, praktiki olaraq ilk dəqiqədə, bəlkə də ikinci dəqiqənin əvvəlində baş verdi. Bu da uşaqlarıın onları əhatə edən yeni şəraitə uyğunlaşmasını daha da çətinləşdirdi. Bu oyundan çıxaracağımız çoxlu yaxşı dərslər olacaq və bunu öz aramızda təhlil edəcəyik. Əvvəldə də dediyim kimi, hədəfimiz inkişaf etmək, ikinci və növbəti matçlara daha yaxşı çıxmaqdır”.
