“Biz legioner gətirməliyik. Mən bunu klubda işləyəndə də demişəm”.
Bunu Azərbaycan futbol millimizin baş məşqçisi Ayxan Abbasov qol.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Bir neçə gün əvvəl milli üzvlərinin oyunlarını canlı izləmək üçün ardıcıl xarici səfərlərdə oldunuz. Millimizin qarşıdan gələn oyunları ilə bağlı seçimləriniz necə gedir?
- Klubların hazırlıq prosesi başlayandan, yəni yoldaşlıq oyunlarından hazırkı çempionat matçlarına qədər hamısını izləyirik. Klubların təlim-məşq toplanışlarında da olduq. Bir oyuna görə qərar vermək istəmirik. Klublarla əlaqədəyik, onlar da sağolsunlar. Gündəlik məşq proseslərini də bizə göstərirlər. Bəli, legioner həyatı yaşayan futbolçularla bağlı da məlumatlıyıq. Onların klubları ilə də əlaqədəyik. Yəni hər şeylə maraqlanırıq. Milli komandaların oyunları ilə bağlı çempionatda yaranacaq fasiləyə qədər də belə olacaq.
- Milli oyunçularının məşqçiləri ilə də təmasda olursunuz?
- Bəzən sırf baş məşqçilərlə danışa bilmirik, amma müntəzəm olaraq əlaqədəyik. Hər oyundan sonra məlumatları alırıq. Çünki futbolçunu ən yaxşı onun məşqçiləri tanıyır. Gündəlik onların nəzarətində məşq edirlər. Tək oyunla qərar vermək olmur. Ola bilər ki, futbolçu hansısa 1 oyunda zəif çıxış etsin. Biz onun ümumi performansını da öyrənirik. Oyunlara və məşqlərə gedəndə imkan olduqca baş məşqçilərlə də söhbət edirəm.
- Millinin qrşıdan gələn oyunları üçün siyahınızda yeni adlar olacaq?
- Hazırda siyahımızda 40-45 futbolçu var. Onlardan 10-u yeni adlardır. Amma biz 45 futbolçunu çağıra bilmərik. Düşünürük ki, yığmaya 30 futbolçu dəvət edək. İlk dəfədir ki, millimiz belə sıx qrafikdə oynayacaq. Çempionatımızın son turları da önəmlidir. Turdan tura fikirlərimiz dəyişir. Amma çox istəyirik ki, millidə yeni adlar olsun. Bilirsiniz ki, bunun üçün milliyə hazır olmaq lazımdır. Premyer Liqada iki oyuna çıxmaq o demək deyil ki, millidə o təzyiq altından rahat oynamaq olacaq. Milli komanda tam başqa bir səviyyədir. İstəyirik ki, yeni adlar olsun.

- Dediniz ki, geniş siyahınızda 10 yeni ad var. Onlardan neçəsi milliyə çağırıla bilər?
- Hələ tam qərar verməmişik. Biz hər turdan sonra müzakirələr edirik. Elə futbolçu olar ki, qarşıdakı turlardakı oyunu ilə fikrimizi dəyişə bilər. Ona görə də bizim bu gün bir A, bir də B siyahımız var. Amma inanın ki, B siyahısından 2-3 futbolçu hazırda A siyahısına düşüb. Turlar keçdikcə bizim siyahımız dəyişir. Bunun üzərində işləyirik.
- Yenidən ölkə xaricində çıxış edən futbolçuları canlı izləmək fikriniz var?
- Bəli, Mahir Emreli və Nəriman Axundzadənin oyunlarını izləmək istəyirəm. Gələn həftə yəqin ki, Polşa və Türkiyəyə səfərimiz olacaq. Bu futbolçularımızı yaxından izləmək fikrindəyəm.
- Mahir Emrelinin “Rakuv”dakı (Polşa) performansı ilə bağlı nə deyə bilərsiniz. Bu mövsüm 11 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.
- Əlbəttə, Mahirin potensialını bilirdik. Onu Fransa ilə oyuna buraxanda hamı məni tənqid edirdi. Deyirdilər, Mahir nə oynayır ki... Amma biz bu günü fikirləşirdik. Mahir indi bizim ən yaxşı oyunçumuzdur. Bu gün onun belə performans göstərməsinə çox sevinirik.
- Mahirin klubda göstərdiyi performansı millidə təkrarlaya bilməməsi də çox tənqid olunur.
- İnşallah, millidə də qollar vurar
- Misli Premyer Liqasının ilk 3 turunda klublarımız yerli futbolçulara çox az şans verdilər. Bu məqam futbolçu seçiminizə necə təsir edir?
- Biz legioner gətirməliyik. Mən bunu klubda işləyəndə də demişəm. İndi futbolun içində olan biri kimi danışıram. Heç kim legioner gətirməyin əleyhinə deyil. Çünki bizim çempionatımızda yetərincə yerli oyunçu yoxdur. Bəli, klublarımız gənclərə də güvənməlidir, onlar hardasa şans qazanmalıdır ki, üzə çıxsın. Rüfət Abbasov elə-belə “Neftçi”nin əsas oyunçusu olmadı. Gəlin, düzünü deyək. Rüfət iki il “Şamaxı”da stabil oynadı. Klublar müstəqildir. Biz onlara deyə bilmərik ki, bu yolu tutun, belə edin. Amma çempionatımızın ilk turlarından sonra gördük ki, bəzi klublarımızın seleksiyası çox zəifdir. Yerli futbolçularımız ola-ola o mövqeyə yararsız legionerlər gətirirlər. Bu, klubun siyasətidir və ona özləri cavabdehdir. Bizdə fikirləşirlər ki, legioner gətirəndə klub güclənir. Amma “Karvan-Yevlax” ötən mövsüm 12 legionerlə elitanı tərk etdi. Məqsədin çempion olmaq, avrokuboklara düşmək deyilsə, gənc oyunçularımıza, yerlilərə şans verməlisən. Ortabab klublarımız legioner məsələsində çox diqqətli olmalıdır. Klublarımız Azərbaycan futboluna da xidmət etməlidir. Onlar buna borcludurlar. Çünki ölkəmiz klublara 6 ildir ki, maliyyə dəstəyi verir. Həm akademiyaya, həm də əsas komandaya xeyli pul ayrılır. Bunun qarşılığında klublar yerli futbolçu yetişdirməlidir. Aydın məsələdir ki, bu gün dövlətin o dəstəyi olmasa, bir çox klubumuz fəaliyyətini dayandırar. Ona görə də klubların məsuliyyəti olmalıdır və hərəsi ildə heç olmasa bir futbolçunu üzə çıxarmalıdır Çempionluğa oynamayan 6-7 klubumuzu nəzərdə tuturam. Bu klublar hər il bir gənc futbolçunu üzə çıxarsa, milli komandamız üçün seçim də asan olar. “Kəpəz”i təbrik etmək istəyirəm. Ən çətin oyunda Azər Məmmədov 18-19 yaşlı gənc futbolçuya şans verdi. Belə məşqçilərə bu işlərə görə təşəkkür düşür. Bu gün ancaq legioner gətirim, Premyer Liqada qalım deyə düşünmək olmaz.
- Biz görürük ki, klublar sərbəst olanda futbolçu yetişdirmək barədə düşünmürlər. Bəlkə, qeyd etdiyiniz hər il bir futbolçu yetişdirmək məsələsi şərt olmalı və belə qayda tətbiq edilməlidir.
- Bu gün akademiyalara nəzarət artıb. Məncə, tədricən AFFA həmin məsələyə də baxacaq. Yəqin ki, bu haqda yeni rəhbərlik fikirləşir. Bilirəm ki, uşaq futbolu ilə bağlı AFFA-nın yaxşı fikirləri var. Buna bir qədər vaxt lazımdır. Bizim hazırdakı durumumuz 15 il əvvəlki işlərin nəticəsidir. Futbolda səbirli olmaq lazımdır, amma iş də görülməlidir. Biz nə qədər narazı olsaq da, “Qarabağ” kimi klubumuz da var. Neçə illərdir ki, bizi avrokuboklarda uğurla təmsil edirlər. İndi “Sabah” da bu mübarizəyə qoşulub. Yaralı yerimiz klublarımızın stadionları, bazalarıdır. Düz deyirsiniz ki, bir az qaydalar sərtləşməlidir. Lisenziyalaşdırmada klubdan yaxşı baza tələb olunmalıdır. Peşəkar Futbol Liqasına təşəkkür düşür ki, Misli Premyer Liqasının ilk 4 turunda süni işıqlandırma sistemi olmayan stadionlarda oyun keçirilməsi qadağası qoydu. Dövlət klublara pul ayırırsa, işıqlandırma sistemini düzəltsinlər. Razıyam ki, məcburiyyət olmasa, çox şeyi etmirik
- Hətta bəzi komandaların legionerlərinin bu 3 turda topla düzgün davrana bilmədiyini də gördük.
- İndi ad çəkərək danışmaq mənə yaraşmaz. Hər klub seçimdə səhv edə bilər. Mən də vaxtilə legioner seçimində səhv etmişəm. Amma klub 10 legioner gətirirsə, bunun ikisi, maksimum üçü zəif çıxa bilər, heç olmasa yeddisi komandadakı yerlilərdən üstün olmalıdır. Təəssüf ki, bəzi klublarımızın legionerləri yerli futbolçulardan zəifdir. Mən məsələn, Toral Bayramovla danışıram, deyir gərək Türkiyədə legioner yerli futbolçudan ikibaş üstün olsun ki, heyətə düşsün. Niyə bizim çempionatda da bu yanaşma yoxdur? Niyə bizdə özümüzə qiymət vermək yoxdur? Bax bu fikir dəyişməlidir. Bizdə düşünürlər ki, bu əcnəbidir, oynasın. Amma elə olmalı deyil. Bu, məşqçilərə də aiddir, idarəçilərə də. Məsələn, bizə Valdas Dambrauskas kimi məşqçilər lazımdır. Amma digər məşqçidən və ya futbolçudan bizdə varsa, niyə gətiririk?
- Millimizin Millətlər Liqasında qarşıdan gələn Litva və Lixtenşteynlə oyunlarından nə gözləyə bilərik?
- Hər oyuna qələbə üçün çıxacağıq. Məqsədimiz yalnız budur. Elvin Cəfərquliyevin zədəsi bizim üçün böyük itkidir. Millinin məsuliyyəti böyükdür, futbolçulara da bunu başa salacağıq. Futbolçularımızın millidə son oyunlarına olduqca peşəkar yanaşması, onlarda olan ruh, milliyə dəyər verməyi bizi sevindirir. Bunu nəticəyə də çevirməliyik. İşimiz də bundan ibarətdir.
