“Seltik”in baş məşqçisi məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdü

26 Avqust 2026 11:55
79
“Seltik”in baş məşqçisi məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdü

“Seltik” futbol klubunun baş məşqçisi Martin O'Nil komandasının UEFA Çempionlar Liqasından kənarda qalmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Şotlandiya təmsilçisi pley-off mərhələsinin cavab oyununda əvvəlcə 1:0 hesabı ilə önə keçsə də, qarşılaşmanın sonunda 1:5 hesabı ilə məğlub olub. “Seltik” iki oyunun nəticəsinə əsasən 4:5 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

O'Nil məğlubiyyətin məsuliyyətini üzərinə götürdüyünü bildirib:

“Şübhəsiz ki, bu məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Təbii ki, 2003-cü ildə UEFA Kubokunun finalında yaşadığım məğlubiyyəti həzm etmək mənə uzun müddət lazım oldu. Bu, son dərəcə məyusedici idi. Həmin matç qalib gəlməyin möhtəşəm olacağı bir final idi. Amma indi söhbət keçməli olduğumuz təsnifat mərhələsindən gedir.

Çempionlar Liqasına vəsiqə qazanmaq hər baxımdan - həm maliyyə, həm də nüfuz baxımından vacibdir. Amma indi fikirlərimizi toplamalıyıq. Bu da yenə mənim məsuliyyətimdir. Keçən həftə demişdim ki, Çempionlar Liqasına vəsiqə qazansaq, futbolçular məhz buna görə “Seltik”ə keçmək istəyəcəklər. İndi isə bu baş verməyəcək. Bu gün, xüsusilə ikinci hissədə, gücümüzün açıq şəkildə tükəndiyi hiss olunurdu”, - deyə O'Nil BBC-yə açıqlamasında bildirib.

Qeyd edək ki, “Seltik”in heyətində Ağdam təmsilçisi “Qarabağ” futbol klubunun sabiq hücumçusu Kamilo Duran da çıxış edir. Kolumbiyalı futbolçu ilk oyunda Avstriya təmsilçisinin qapısına iki qol vuraraq komandasının 3:0 hesablı qələbəsində mühüm rol oynayıb.

İdman.Biz