“Yan xətt hakimi doğru mövqe seçməli idi” - Ağasəlim Mircavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

27 Avqust 2026 14:44
109
“Yan xətt hakimi doğru mövqe seçməli idi” - Ağasəlim Mircavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Oyuna canlı yayımla baxmırdım, icmallarda bizə təqdim olunan görüntülərə əsasən isə deyə bilərəm ki, top qapı xəttini keçmişdi”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında “Turan Tovuz” - “Şamaxı” oyununda baş verən mübahisəli epizoda münasibət bildirən Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis “Turan Tovuz” azarkeşlərinin və bütövlükdə idman ictimaiyyətinin narahatlığını anlaşılan olduğunu söyləyib:

“Əlbəttə, itirilən hər xal çempionatın sonunda həlledici olur. Lakin əgər tənqidlər varsa, bu, ilk növbədə yan xətt hakiminə ünvanlanmalıdır. Yan xətt hakimi oxşar oyun epizodlarında, xüsusən cərimə zərbələri yerinə yetirilərkən, düzgün mövqe seçməlidir. Mən bunu “Turan”-“Şamaxı” oyununa da şamil edirəm, yan xətt hakimi doğru mövqe seçməli idi”.

Ölkə çempionatında “Turan Tovuz” klubuna qarşı hansısa qərəzin olub-olmadığına gəlincə, Ağasəlim Mircavadov söylədi ki, səsləndirilən fikirlərlə razı deyil.

“Düşünmürəm ki, hakimlərin hansısa başqa niyyəti olub. Bilirsiniz ki, onlar da öz üzərilərində çalışır, səhv etməməyə çalışır, hesabat verirlər. Sözügedən epizoda gəlincə, artıq bundan sonra hakimlərə hansı cəzanın verilməsindən asılı olmayaraq, nəticə dəyişməyəcək. Nə etmək olar?! Sadəcə gələcəkdə daha diqqətli olmalıdırlar” - deyə A.Mircavadov qeyd edib.

Xatırladaq ki, futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda “Şamaxı”ya qarşı oyunun 76-cı dəqiqəsində “Turan Tovuz” futbolçusu cərimə zərbəsi yerinə yetirmək hüququ qazanıb. Xorxe Silvanın zərbəsindən sonra top əvvəlcə qapının tirinə dəyib, daha sonra aşağı düşərək qapı xəttinin üzərinə və ya arxasına düşüb və qapıdan çıxıb. Baş hakim Rauf Cabarov isə qolu qeydə almayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu epizod artıq bir neçə gündür ölkənin idman mətbuatı və azarkeşlər tərəfindən müzakirə edilir.

İdman.Biz