İspaniyanın nəhəng futbol klubu “Real Madrid” ilə “Apple” şirkəti futbol dünyasında inqilab edə biləcək yeni layihə üzərində əməkdaşlığa başlayıb.
İdman.Biz xəbər verir ki, “Infinity Bernabeu” adlanan təşəbbüs artırılmış və virtual reallıq texnologiyalarının köməyi ilə futbol məzmununun izlənmə formasını kökündən dəyişməyi hədəfləyir.
Layihənin əsas istiqamətlərindən biri imersiv yayımlardır. “İmersiv yayım” (ingiliscə immersive) - izləyiciyə sadəcə oyuna baxmaq yox, özünü hadisənin içində hiss etdirmək məqsədi daşıyan yayım formatıdır.
“Apple” öz texnologiyalarından, o cümlədən “Apple Vision Pro” qurğusundan istifadə edərək azarkeşlərə tam “oyunun içində olmaq” hissini yaşatmağı planlaşdırır. Bu texnologiya sayəsində izləyicilər matçı sanki “Santyaqo Bernabeu” stadionu tribunalarından və ya birbaşa meydanın üzərindən izləyə biləcəklər.
Bundan əlavə, layihədə ultra yüksək keyfiyyətli çəkilişlər nəzərdə tutulur. Bunun üçün 8K 3D formatında və saniyədə 90 kadr sürəti ilə görüntü əldə edə bilən “Blackmagic Design” kameralarından istifadə planlaşdırılır. Bu isə görüntü detallılığını tamamilə yeni səviyyəyə qaldıracaq.
“Infinity Bernabeu” həmçinin stadionun interaktivliyini artırmağı nəzərdə tutur. Yenilənmiş arena “Apple” xidmətləri ilə dərindən inteqrasiya olunaraq dünyanın ən texnoloji idman məkanlarından birinə çevrilə bilər.
Layihənin qlobal miqyasda tətbiqinə isə 2026-cı ildən başlanması gözlənilir.
