İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, ötən tur lider dəyişikliyi baş verib. “Barselona”nın “Jirona”ya 1:2 hesabı ilə uduzmasından sonra Madrid təmsilçisi fürsəti əldən verməyib. “Real Madrid” rəqibinin büdrəməsindən dərhal yararlanaraq zirvəyə yüksəlib. Hazırda “kral klubu”nun 24 oyundan 60 xalı var. “Barselona” isə 58 xalla ikinci pillədə qərarlaşıb. İstənilən yeni xal itkisi çempionluq yarışının istiqamətini yenidən dəyişə bilər.
“Osasuna” - “Real Madrid” (21 fevral)
“Real Madrid” Pamplonaya lider kimi və konkret məqsədlə – qələbə seriyasını davam etdirmək üçün yollanır. Qarşılaşma Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı oyunlar arasında baş tutacaq. Madridlilər ilk matçda qələbə qazanıblar.
Baş məşqçi Alvaro Arbeloa çətin səfər gözlədiyini bildirib. “Osasuna” iki aydır doğma meydanda məğlub olmur və “El Sadar” stadionu ənənəvi olaraq Madrid klubu üçün mürəkkəb arenalardan sayılır. Mütəxəssis vurğulayıb ki, burada qazanılacaq üç xal böyük əhəmiyyət daşıyır və komanda maksimum hazırlıqlı olmalıdır.
Qonaqların heyətində itkilər var. Cud Bellinqem bud nahiyəsinin arxa əzələsindəki zədə səbəbindən oynamayacaq. Kilian Mbappenin dizindəki problem isə azalsa da, tam aradan qalxmayıb.
“Osasuna” yaxşı formadadır. Komanda altı turdur uduzmur və noyabrın sonundan bəri evdə məğlubiyyət yaşamayıb. Pamplona təmsilçisinin əsas bombardiri Ante Budimir 13 qol vurub və onların böyük hissəsi çempionata təsadüf edir.
Eyni zamanda, “Real Madrid”in səfər oyunlarındakı məhsuldarlığı diqqət çəkir. Komanda ardıcıl qonaq matçlarında qol vurmaqla hücum xəttinin sabitliyini nümayiş etdirir.
“Barselona” - “Levante” (22 fevral)
“Barselona” uğursuz səfərlərdən sonra doğma meydanda “Levante”ni qəbul edəcək. Kataloniyalılar üçün əsas məqam ev statistikasıdır: Hans-Diter Flikin komandası çempionatda ev oyunlarının hamısında qalib gəlib və top fərqində də üstün göstəriciyə malikdir. “Levante” ilə qarşılaşmaların tarixi də “Barselona”nın xeyrinədir.
Flik komandanın çətin dövrdən keçdiyini etiraf edib, futbolçulara qısa istirahət verdiyini və maksimum konsentrasiyanın vacibliyini vurğulayıb. O, zədədən sonra Pedrinin qayıdacağına ümid etdiyini də bildirib.
Klub ətrafındakı fon isə hakimliklə bağlı narazılıqlarla əlaqədardır. “Barselona” bu mövzuda rəsmi müraciət ünvanlayıb.
“Levante” hazırda aşağı pillələrdə qərarlaşıb və turnir cədvəlinin təhlükəli zonasında yer alır. Qonaqların planı aydındır: mümkün qədər hesabı qorumaq və əks-hücumlarda şans axtarmaq.
25-ci turun digər oyunları:
20 fevral
“Athletic” - “Elçe” 2:1
21 fevral
“Real Sosyedad” – “Real Oviedo”
“Real Betis” – “Rayo Valyekano”
“Atletiko” – “Espanyol”
22 fevral
“Xetafe” – “Sevilya”
“Selta” – “Malyorka”
“Vilyarreal” – “Valensiya”
23 fevral
“Alaves” – “Jirona”
La Liqa cədvəli – 25-ci tur öncəsi
“Real Madrid” – 60
“Barselona” – 58
“Vilyarreal” – 48
“Atletiko” – 45
“Real Betis” – 41
“Espanyol” – 35
“Selta” – 34
“Athletic” – 34
“Real Sosyedad” – 31
“Osasuna” – 30
“Xetafe” – 29
“Jirona” – 29
“Sevilya” – 26
“Alaves” – 26
“Valensiya” – 26
“Elçe” – 25
“Rayo Valyekano” – 25
“Malyorka” – 24
“Levante” – 18
“Real Oviedo” – 16
