“Liverpul” sol cinah müdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir və bu məqsədlə “Fulhem”də çıxış edən Entoni Robinsonu transfer siyahısına daxil edib.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, mersisayd klubu “Tottenhem”ə keçidinə icazə verilən Endryu Robertsonun əvəzləyicisini axtarmağa başlayıb. Bu proses çərçivəsində “Liverpul” rəhbərliyi daha əvvəl də maraqlandığı Robinsonu yenidən gündəmə gətirib.
Qeyd olunur ki, Robinson karyerasının əvvəlində “Everton”un ehtiyat komandasında çıxış edib və bölgə ilə tanışdır.
Bildirilir ki, “Liverpul”da Entoni Robinsonun Miloş Kerkeslə birlikdə sol cinah müdafiəsi üçün uzunmüddətli həll kimi nəzərdən keçirilməsi də müzakirə olunur. Robinson 2020-ci ildən “Fulhem”in formasını geyinir və bu müddət ərzində bütün turnirlərdə 203 oyuna çıxaraq üç qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, amerikalı müdafiəçinin bazar dəyəri 30 milyon avro (təxminən 60 milyon AZN) təşkil edir.
