İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa sabah La Liqa çərçivəsində “Levante”yə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında sualları cavablandırıb.
İdman.Biz xəbər verir ki, gənc mütəxəssis Kilian Mbappenin matçın iştirak ərizəsində olacağını, Rodriqonun isə sabah oynamayacağını bildirib.
Arbeloa Cud Bellinqem haqqında da fikirlərini bölüşüb:
“Bir neçə gündür birlikdə məşq edirik. O, bu komandada liderə çevrilməlidir. Mən hərəkətli futbolçuları sevirəm və Cud hücumları qurmaq, yaratmaq bacarığına malikdir. Ondan əsas fiqur olmağı tələb edəcəyəm. O, cərimə meydançasına daxil olmağı da bacarır və biz bundan istifadə etməliyik.
Baş məşqçi “Santyaqo Bernabeu”ya dönüşün əhəmiyyətini də vurğulayıb:
“Qayıdış bizim üçün böyük motivasiyadır. Azarkeşlərin fikrinə böyük hörmətlə yanaşıram və onlardan futbolçuları dəstəkləmələrini xahiş edirəm. Fit səslərinin olub-olmayacağını bilmirəm. Mən “Bernabeu”nun mövqeyinə həmişə hörmət etmişəm. “Real” azarkeşlərinin narazı və məyus olduğunu başa düşürəm. Amma klubun 123 illik tarixində titullar yalnız “Bernabeu” futbolçuları dəstəkləyəndə qazanılıb. Xuanito deyirdi ki, “Bernabeu”da 90 dəqiqə çox uzundur. Bu 90 dəqiqə yalnız o zaman uzun olur ki, azarkeşlər bizimlə olmasın”.
Arbeloa mövsümün gedişi ilə bağlı da açıq mesaj verib:
Mövsümün ikinci yarısı necə bitsə də, məsuliyyəti daşıyan mən olacağam. Əgər öhdəsindən gələ bilməsək, bu mənim günahımdır. Uğursuzluqlar üçün bəhanə axtarmaq istəmirəm. Qalib gəlmiriksə, deməli, işimi pis görürəm. Sabah ilk dəqiqələrdən hücum futbolu görmək istəyirəm”.
