“Ayntraxt” “Qarabağ”la oyun ərəfəsində ciddi kadr itkiləri ilə üz-üzə qalıb - İDMAN.BİZ-in TƏHLİLİ

Təhlil
8 Yanvar 2026 18:09
63
“Ayntraxt” “Qarabağ”la oyun ərəfəsində ciddi kadr itkiləri ilə üz-üzə qalıb - İDMAN.BİZ-in TƏHLİLİ

Almaniyanın “Ayntraxt” klubu futbol üzrə Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi kadr problemləri fonunda hazırlaşır.

İdman.Biz xəbər verir ki, Dino Topmöllerin komandasında heyətlə bağlı mürəkkəb vəziyyət qalmaqdadır ki, bu da turnirin əsas mərhələsinin vacib oyunu öncəsi hazırlıq prosesini çətinləşdirir və bununla da ağdamlıların qələbə şanslarını artırır.

Xüsusilə, Frankfurt klubunda müalicəsini eyni vaxtda bir neçə futbolçu davam etdirir. Afrika Millətlər Kubokunda iştirak etdikləri üçün Elyes Şaibi və Elyes Sxiri müvəqqəti olaraq komandanın ixtiyarında deyillər. Ciddi zədələr alan futbolçular sırasında baldır əzələsinin zədəsi səbəbindən sıradan çıxan Conatan Burkardt, eləcə də ayağın daraq sümüyünün sınığına görə əməliyyat olunan və geri dönüş vaxtı hələ də açıqlanmayan Mişi Batşuayi var. Həmçinin Elias Baum da hazırda reabilitasiya prosesindən keçir.

Bundan əlavə, son məşqlərdə Timoti Çendler iştirak etməyib, Jan-Matteo Baoya isə xəstəlik səbəbindən məşqləri buraxıb. Nəzarət oyunlarından birindən sonra “Ayntraxt”ın baş məşqçisi komandada zədəlilərin siyahısının demək olar ki, tam olduğunu qeyd edərək, eyni zamanda Rasmus Kristensenin problemlərindən və Mario Götzenin səhhətindəki narahatlıqdan da bəhs edib.

Beləliklə, “Ayntraxt” “Qarabağ”la oyun ərəfəsində ciddi şəkildə məhdud kadr resursları ilə və optimal olmayan durumda Bakıya yollana bilər.

Xatırladaq ki, komandalar arasında görüş yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qurban Qurbanovun komandası hazırda yeddi xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 22-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 30-cu yerdədir. Qarşıdakı oyun hər iki klub üçün pley-off mərhələsinə yüksəlmək baxımından həlledici əhəmiyyət daşıyacaq. Reqlamentə əsasən ilk səkkiz klub birbaşa 1/8 finala vəsiqə qazanacaq, 9–24-cü yerləri tutan komandalar isə növbəti mərhələyə yüksəlmək üçün pley-in oyunlarında mübarizə aparacaqlar.

İdman.Biz
Məqalədə: