Okan Buruk transfer planlarını açıqlayıb - VİDEO

Xəbərlər
22 Dekabr 2025 07:45
34
Okan Buruk transfer planlarını açıqlayıb - VİDEO

Türkiy Super Liqasının 17-ci turunda “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Qarşılaşmadan sonra İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk həm qələbəni, həm də qarşıdakı transfer planlarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Okan Buruk transferlərin qaçılmaz olduğunu bildirib.

Onun sözlərinə görə, komanda bütün mövqelər üzrə hazırlıq aparır:

“Hər bölgə üçün planlarımız var. Yaxşı futbolçularımız olsa da, üzləşdiyimiz zədələr bizi həm fiziki, həm də psixoloji baxımdan çətin vəziyyətə saldı. Heyətə fayda verəcək oyunçular düşünürük. Xüsusilə müdafiənin mərkəzi, yarımmüdafiə və hücum xətti üçün transferlər planlaşdırırıq. Ayrılacaq futbolçular da var. Xarici futbolçu transferi imkanımız mövcuddur. Çempionlar Liqasındakı son iki oyunda yeni transferlərdən istifadə edə bilməyəcəyik, buna görə də hazırkı heyəti qorumaq vacibdir. Klub rəhbərliyi ilə daim əlaqədəyik və komandaya real töhfə verəcək oyunçular cəlb edəcəyik. Proses asan deyil, amma istəkliliyik”.

Okan Buruk Qabriel Saranın qolundan və Mauro İkardinin fərqlənməsindən xüsusi məmnunluq duyduğunu qeyd edib. Onun sözlərinə görə, İkardinin həm qol vurması, həm də rekordunu yeniləməsi komanda üçün əlavə motivasiya olub.

Baş məşqçi argentinalı hücumçunun “Qalatasaray” tarixindəki yerini də dəyərləndirib:

“Haci və İkardi çox böyük futbolçulardır. Haci ilə birlikdə oynamışam, İkardi ilə isə baş məşqçi kimi çalışıram. Hər ikisi “Qalatasaray” tarixində iz qoymuş, klubun marka dəyərini yüksəltmiş adlardır. İkardi ağır zədədən sonra geri döndü və bu, asan proses deyil. Yenidən qollar vurur, fərq yaradır və onun komandada olması çox dəyərlidir”.

Qeyd edək ki, bu qələbədən sonra Qalatasaray xalını 42-yə çatdıraraq çempionatın ilk yarısını lider kimi başa vurub və ən yaxın rəqibini üç xal qabaqlayır.

İdman.Biz