Ukrayna Futbol Assosiasiyası (UFA) 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off oyunlarının keçiriləcəyi məkanı müəyyənləşdirib.
İdman.Biz UFA-nın yaydığı açıqlamaya istinadən məlumat verir ki, oyunlar Valensiyada yerləşən İspaniya klubu “Levante”nin ev stadionunda baş tutacaq.
Arenanın tutumu 26 354 tamaşaçı təşkil edir.
Ukrayna millisinin nominal ev oyunlarının əvvəlki ünvanı Polşa idi, lakin komandalar pley-off şəbəkəsində üz-üzə gələ bilər. İlk pley-off qarşılaşmasında Ukrayna İsveçlə üz-üzə gəlməlidir, qalib gəldiyi halda isə Polşa - Albaniya cütünün qalibi ilə oynayacaq.
Ukrayna yığması dünya çempionatının seçmə mərhələsində D qrupunda ikinci yeri tutub, 10 xal toplayaraq Fransadan (16 xal) geri qalıb. Pley-off oyunları gələn ilin 26 və 31 mart tarixlərində keçiriləcək.
ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatı 2026-cı il iyunun 11-də start götürəcək və iyulun 19-da yekunlaşacaq.
