Kamerun millisində misilsiz böhran

Xəbərlər
11 Dekabr 2025 17:57
37
Kamerun millisində misilsiz böhran

Kamerun milli komandasında Afrika Millətlər Kubokuna sayılı günlər qalmış misilsiz bir böhran yaşanır. Belçikalı mütəxəssis Mark Brysin rəhbərlik etdiyi komanda ətrafında yaranan gərginlik federasiya ilə hökumət arasında açıq qarşıdurmaya çevrilib.

İdman.Biz xəbər verir ki, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Mark Brysi vəzifədən azad edib. Lakin baş məşqçi bu qərarı tanımayıb və istefa verməkdən imtina edib.

Brys bildirib ki, onu vəzifəyə federasiya yox, Kamerun İdman Nazirliyi təyin edib və federasiyanın göndərdiyi bildiriş hüquqi baxımdan keçərsizdir.

Gərginlik daha da dərinləşdiyi üçün Eto yeni baş məşqçi təyin edərək David Paquya səlahiyyət verib. Paqu isə Brysin hazırladığı heyətdən tam fərqli bir futbolçu siyahısı açıqlayıb. Eyni anda iki baş məşqçinin “rəsmi” görünməsi Kamerun futbolunda görünməmiş xaos yaradıb.

Kamerun İdman Nazirliyi məsələyə müdaxilə edərək Mark Brysin vəzifədən azad olunduğunu rəsmən bəyan edib və federasiyanın qərarını təsdiqləyib. Afrika Millətlər Kuboku üçün yekun heyətin sabah elan ediləcəyi bildirilib.

Yaşanan gərginlik təkcə məşqçi məsələsi ilə məhdudlaşmayıb. “Trabzonspor”un qapıçısı Andre Onananın və “Neftçi”nin hücumçusu Vinsent Abubakarın da heyətə düşməməsi Kamerunda yeni müzakirə dalğası yaradıb.

İdman.Biz