Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Mert Hakan Yandaş mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan onlarla şəxs arasında yer alıb.
İdman.Biz xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mert Hakan Yandaş, “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Konyaspor”un oyunçusu Alassane Ndao, “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak, eləcə də Kerem Yusuf Sirkeci, Emircan Çiçek, İzzet Furkan Malak və Bartu Kaya da daxil olmaqla bir çox şəxs barəsində həbs qətimkan tədbiri seçib. Bir sıra digər futbolçu və funksionerlər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
İstintaqın materialında Mert Hakan Yandaşın 2021-ci ilin dekabrı ilə 2025-ci ilin oktyabrı arasında Ersen Dikmenə milyonlarla lirə məbləğində vəsait köçürdüyü, həmin pulların qısa müddətdə rəsmi mərc saytlarına yönləndirildiyi qeyd olunub. Yandaşın rəqəmsal daşıyıcılarında “Fənərbağça”nın oyunlarına edilən kupon görüntülərinin tapıldığı, bununla da öz komandasının matçları da daxil olmaqla, nəticələrə təsir göstərə biləcək mərc fəaliyyətlərində iştirakı ehtimalının araşdırıldığı vurğulanıb.
Sənədlərdə bir çox futbolçunun oynadığı və ya müqavilə ilə bağlı olduğu klubların matçlarına “rəqib qazanır”, “komandam qazanır”, “2,5 qol alt/üst”, eləcə də bərabərlik ssenariləri ilə mərc etdiyinə dair qeydlər yer alıb. Bəzi şübhəlilərin həm rəsmi mərc platformalarında, həm də müxtəlif mərc saytlarında hesablarının və kupon görüntülərinin aşkarlandığı bildirilir.
