Türkiyə Super Liqasının 15-ci turunda “Kasımpaşa” - “Kocaelispor” oyunundan sonra qonaqların baş məşqçisi Selçuk İnan 0:0 hesablı matçı şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis çətin səfər matçına çıxdıqlarını və rəqibin liqanın ən çox qaçan komandalarından biri olduğunu bildirib.
Onun sözlərinə görə, komanda mübarizə baxımından oyuna yaxşı başlasa da, yaranan imkanlardan yararlana bilməyib və nəticədə yalnız 1 xal qazanmaq mümkün olub. İnan matçın xüsusilə hücum baxımından çatışmazlıqları görmək üçün faydalı olduğunu vurğulayıb.
Baş məşqçi stadionun örtüyünün də ideal vəziyyətdə olmadığını və bunun topa sahib olaraq oynamaq istəyən komandalar üçün əlavə çətinlik yaratdığını qeyd edib. O, hücumda daha məhsuldar olmağın vacibliyini, bu istiqamətdə məşqlərdə davamlı çalışdıqlarını bildirib.
Selçuk İnan Türkiyə Kuboku ilə bağlı da danışaraq məqsədlərinin turnirdə mümkün qədər irəliləmək və hətta kuboku qazanmaq olduğunu deyib. O, sıx oyun qrafikinin komandalar üçün ciddi sınaq olduğunu, həftəiçi və həftəsonu ardıcıl matçların bütün heyəti hazır saxlamağı daha da çətinləşdirdiyini xüsusi qeyd edib.
