Araz Abdullayev: “Milliyə dəvət alacağımı gözləmək olar” - MÜSAHİBƏ

Xəbərlər
22 Noyabr 2025 15:20
31
Araz Abdullayev: “Milliyə dəvət alacağımı gözləmək olar” - MÜSAHİBƏ

“Karvan-Yevlax” Misli Premyer Liqasının XII turunda evdə “Kəpəz”ə məğlub olub - 1:2. Cari mövsüm ilk dəfə doğma meydanda rəqibini qəbul edən Yevlax təmsilçisi bu nəticəli ilə sonuncu sıraya yuvarlanıb.

İdman.Biz komandanın kapitanı Araz Abdullayevin matçdan sonra İdmanxeber.az-a müsahibəsini təqdim edir:

– Məğlub oldunuz və sonuncu sıradasınız. Oyunu necə şərh edirsiniz?

– Deyiləsi çox şey var. Biz çalışırıq ki, nələrisə düzəldək. Sadəcə, elə şeylər var ki, özümüz də bilmirik. Ki, necə bu vəziyyətdən çıxaq. Yəqin ki, gələcək matçlarda nə səhvlərimiz varsa, üzərində işləyərik. Komanda 1-ci Liqadan qalxıb. Bəzi şeylər mərhələ-mərhələ düzəlir. İnanaq ki, yevlaxlı fanatları sevindirəcəyik. Çünki onlar daha yaxşısına layiqdir. Biz nələrisə düzəltməliyik. Bu qədər azarkeşlə yaxşı nəticələr qazanmalıyıq.

– Heyət barədə nə düşünürsünüz? Sizcə, Premyer Liqa səviyyəsi üçün yetərlidirmi?

– Bu, məşqçilərin məsələsidir. Biz verilən tapşırıqları yerinə yetirməliyik. Zamanla analizlər edilər. Kim nəyə layiqdir ona görə qərar verilər.

– Stadionda istefa şüarları səsləndi. Bunlar sizə necə təsir edir?

– Biz futbolçuyuq. İşimiz məşq etmək və futbol oynamaqdır. Təcrübəmizlə nələrsə etməyə çalışırıq. Yevlax komandası daha yaxşısına layiqdir. Deyiləcək çox da bir şey yoxdur. Vəziyyətdən çıxa bilməsək, çox çətin olacaq.

– Cari mövsüm bu stadionda ilk rəsmi matçınıza çıxdınız. Meydançanın vəziyyəti necə idi?

– Bəzi oyunlar var ki, meydança pis gündə olsa da, xarakterlə həmin görüşdə nəticə qazanmalısan. Bəhanə gətirmək olmaz. Süni meydançadır. Suvarma da var, top da gedir. Əgər suvarma olmasa, o zaman çətin olur. Çünki top sürüşməyəndə yaxşı olmur. Belə şikayətim yoxdur, bəhanəni sevən futbolçu deyiləm. Günahı özümüzdə axtarmalıyıq.

– Deyilənlərə görə, komandada iki baş məşqçi var - Azər Həşimov və Kənan Kərimov. Bu vəziyyət futbolçulara necə təsir edir?

– Bu haqda məşqçilərin özü ilə danışın.

– Vaxtilə millinin formasını geyinmisiniz, ölkənin əsas oyunçularından biri olmusunuz. Yenidən yığmaya dəvət alacağınıza inanırsınız?

– Mən futbolu sevirəm və bu işlə məşğul olmaq istəyirəm. Milliyə dəvət alıb-almayacağım məşqçilərin işidir. Mən sadəcə öz işimlə məşğulam. Hərdən baxırsan ki, milliyə elə oyunçular dəvət alır ki… Mənim də çağrılacağımı gözləmək olar. İndi çətin olsa da, milli üçün hər zaman kömək etməyə hazıram. Ancaq ilk növbədə “Karvan-Yevlax”dakı vəziyyətə düzəldək, sonra yığma barədə düşünərik.

– Son günlərdə legioner limitinin ləğvi barədə müzakirələr gedir. Sizcə, bu qərar azərbaycanlı futbolçulara çətinlik yaradır?

– Leginoner limitinin ləğv olmasını mən də istəmirəm. Ona görə yox ki, mən və ya yerlilər oynasın. Sabah milli komandanın matçı olacaq. Bir futbolçu klubundan oynaya bilmirsə, milliyə gələndə necə çıxış edəcək? Biz ondan çox şey gözləyə bilmərik. Çünki ora başqa səviyyədir. Bu, açıqdır. Bəli, bir tərəfdən də səviyyə artması üçün əcnəbi futbolçular gətiririk. Ancaq inkişaf üçün səviyyəli legioner gətirmək lazımdır. Yerli də, əcnəbi də arxayınlaşmamalıdır.

– Komandanın kapitanısınız. Baş məşqçi əvəzləmə edir, amma oyunçu meydanı tərk etmir. Kapitan kimi bu situasiyaya münasibətiniz necədir?

– Öpürəm. Çox sağ olun.

İdman.Biz