Tərlan Əhmədov: “Əksər klubların dəvət etdiyi əcnəbilərin səviyyəsi aşağıdır”

Xəbərlər
14 Noyabr 2025 14:43
34
Tərlan Əhmədov: “Əksər klubların dəvət etdiyi əcnəbilərin səviyyəsi aşağıdır”

“Turnir cədvəlindəki ilk 6 komanda çempionluq uğrunda mübarizə aparır. Məsələ burasındadır ki, rəqabətdə “Qarabağ”a rəqib görünmür. Legioner limiti ləğv olunsa da, əksər klubların dəvət etdiyi əcnəbilərin səviyyəsi aşağıdır”.

Bu sözləri Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının birinci dövrəsini şərh edib:

“Qarabağ” istisna, digər komandaların oyunları çempion olacaqlarına ümid vermir. Legioner limitinin ləğvi çempionatımızı maraqlı etmədi. Mövsümün ilk turundan sonra məlum olub ki, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” elitada qalmaq uğrunda mübarizə aparacaq. “İmişli” oyun, nəticə baxımından hər kəsi təəccübləndirə bilib. “Sumqayıt” nəticə qazanıb, amma düzünü desəm, komandanın mükafatçılar sırasına düşmək potensial görsənmir. Heyətlərinə görə, “Araz-Naxçıvan” və “Neftçi”dən gözləntilərim daha çox idi, amma onların oyunlarında “baxımlı futbol” deyiləcək bir şey yoxdur. İndiki durumda komandalar arzuolunan futbol nümayiş etdirə bilmirsə, avrokuboklara çıxıb ilk mərhələdəcə məğlub olacaqlar. Dediyim kimi, dəvət olunan legionerlerin potensialı o qədər də yüksək deyil ki, nəticə versin. Akademiyalardan futbolçu cəlb olunmalıdır. Hər turda maksimum maraq doğuran bir matça şahidlik edirik. Birinci dövrədən sonra ortabab çempionat izlədiyimizi söyləmək olar”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, ilk dövrənin bir oyunu - Sabah” - “Qarabağ matçı təxirə salınıb.

İdman.Biz