20 illik tilsim: “Jirona” çempion olacaq?! - TƏHLİL

Təhlil
11 Dekabr 2023 11:14
968
20 illik tilsim: “Jirona” çempion olacaq?! - TƏHLİL

İspaniya La Liqasının 16-cı turunda səfərdə “Barselona”ya 4:2 hesabı ilə qalib gələn “Jirona” turnir cədvəlində liderliyə yüksəlib.

İdman.biz xəbər verir ki, “ağ-qırmızılar” tarixlərində ilk dəfə Xavinin yetirmələrinə 4 qol vurub və məğlub ediblər. Hazırda 41 xalı olan Miçelin komandasının ən yaxın izləyicisi 39 xala malik “Real”dır.

Liderlik yolu
16 oyuna 13 qələbə qazanan “Jirona” cəmi 1 məğlubiyyətə üzülüb. Kataloniyalılar yeganə yenilgini məhz liderlik mübarizəsi apardıqları “Real”dan alıblar. Madridlilər 8-ci turda 3:0 hesabı ilə qələbəyə seviniblər.

La Liqanın ən çox qol vuran da “Jirona”dır. Onlar rəqib qapılarına 38 dəfə yol tapıblar. Komandanın uğurunun əsas sirri də “qələbə mentaliteti”dir.
Məhz bunun sayəsində 13 tur ərzində 6 matçda Miçelin komandası hesabda geri düşsə də, geridönüş etməyi bacarıb.

Qeyri-adi oyun tərzi
Klub fərqli futbolu ilə bəzən təccübləndirir, bəzən də rəqiblərini çaşbaş salır. “Jirona”da həm “Barselona”nın bir zamanlar uğurunun böyük açarı olan “tiki-taka”, digər tərəfdən isə əsas rəqib olan “Real”ın ani əks-hücumu ilə seçilir.

Bu 2 funksiya eyni vaxtda işə düşdüyü zaman öldürücü effekt verir. Klubun daim rəqiblərinə irəli xəttə yüksək pressinq tətbiq etməsi də əksər vaxtlar bəhrəsini verir.

Əsas qəhrəmanlar
“Jirona” uğurunun bəlkə də yarısını baş məşqçisi Miçelə borcludur. Maraqlısı budur ki, Madrid əfsanəsi olan mütəxəssis La Liqada baş məşqçi kimi cəmi 4 mövsümdən sonra bu cür adından söz etdirməyi bacarıb.

Digər uğurlu ad isə ukraynalı Artyom Dovbikdir. Fiziki görünüşü və hərəkətləri ilə daim azarkeşlərə Erlinq Holandı xatırladan hücumçu 15 oyuna 8 qol vurub.
Hücumun sağ cinahında onun həmyerlisi Viktor Siqankov və solunda braziliyalı Savio parlaq çıxışı ilə diqqət çəkir. Hücumlara tez-tez qoşulan sağ cinah müdafiəçisi Yan Kouto isə “ağ qırmızılar”ın mühərriki sayılır. Onun dayanmadan etdiyi asmalar komandanın məhsuldarlığının əsasını təşkil edir. Təcrübəli niderlandlı Deyli Blind də rəqib hücumçuların uğursuz olmasında daim böyük rol oynayır.

Bundan başqa, ehtiyat skamyanın təcrübəsi də uğur gətirən əsas məqamlardandır. Matça sonradan qoşulan Kristian Stuani, Portu kimi futbolçular oyuna daim fayda verirlər.

20 ildən sonra 10-cu komanda ola biləcəkmi?
Mövsümün əvvəli olsa da, “ağ-qırmızılar” oynadıqları maraqlı, baxımlı və inamlı futbol ilə azarkeşlərində çempion ola bilmək ümidi yaradıblar.
Artıq 20 ildir ki, La Liqada “Real”, “Barselona” və “Atletiko”dan başqa heç bir klub çempionluq sevinci yaşamayıb. Son dəfə 2003/04 mövsümündə “Valensiya” qızıl medallara sahib çıxıb.

“Jirona” bunu etsə, həm də İspaniya çempionatında qalib olan 10-cu kollektiv olacaq.
Onlar bu siyahıda “Real”, “Barselona”, “Atletiko”, “Valensiya”, “Atletik”, “Real Sosyedad”, “Deportivo”, “Sevilya” və “Betis”lə birlikdə yer ala bilərlər.
İndi hər kəsi 1 sualı maraqlandırır. “Jirona” çempion olmağı bacaracaqmı?!

Emin Ağa
İdman.biz